Perinatal Mərkəzin rəhbəri həbs edildi

Şəki Regional Perinatal Mərkəzinin direktor vəzifəsini icra edən Saniyə Hüseynova şübhəli şəxs qismində saxlanılıb. Bu barədə Baş Prokuroluğun aprelin 3-də yaydığı məlumatda deyilir.

Məlumata görə, Şəki şəhər sakini Türkan Məmmədova martın 28-də Perinatal Mərkəzdə keysəriyə əməliyyatı keçirib, martın 31-də isə elə Mərkəzdə vəfat edib.

“Bu ölüm faktı ilə bağlı Şəki Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb”, -məlumatda vurğulanır.

İş üzrə zəruri və təxirəsalınmaz istintaq hərəkətləri aparılaraq məhkəmə-tibb və kompleks məhkəmə-tibb ekspertizaları təyin edilib. Hazırda iş üzrə hərtərəfli istintaq aparılır.

Turan