YouTube-un qərargahında atəş açan Nəsim Nəcəfi Ağdam kimdir?

ABŞ rəsmiləri bildirir ki, YouTube şirkətinin San Fransisko şəhəri yaxınlığındakı qərargahında atəş açan qadın video materialların bölüşüldüyü kanaldan uzun müddət narazılığını bildirib. San Diyeqo şəhərinin sakini, 39 yaşlı Nasim Nəcəfi Ağdam özünü öldürməzdən əvvəl YouTube şirkətinin qərargahında atəş açaraq üç nəfəri yaralayıb.

Təhqiqatçıların bildirdiyinə görə, YouTube kanalında vegetarian həyat tərzini təşviq edən video materiallar bölüşən Nasim Ağdam şirkəti kəskin tənqid edirdi. Atası İsmayıl Ağdamın bildirdiyinə görə, o, YouTube kanalının onun yerləşdirdiyi video materialları filtrdən keçirdiyindən şikayət edib.

YouTube şirkətinin Kaliforniya ştatının San Bruno şəhərindəki qərargahı
YouTube şirkətinin Kaliforniya ştatının San Bruno şəhərindəki qərargahı

Əslən İrandan olan Nəsim Ağdam YouTube-da yerləşdirdiyi bir videoda onun materiallarının göstərilişinə məhdudiyyətlər qoyulduğunu iddia edib və kanala nifrət etdiyini deyib, O, YouTube kanalında Nəsim Səbz adından istifadə edirdi.

“YouTube mənim kanallarıma baxılmasının qarşısını alır! YouTube-da, ya da videoların bölüşüldüyü hər hansı bir başqa saytda bərabər artmaq imkanı yoxdur!”, onun kanalındakı video mesajlardan birində deyilir.

Polis bütün bu şikayətlərə baxmayaraq, onun çərşənbə axşamı günü YouTube şirkətinin qərargahında işçilərin çoxunun nahar yeməyi fasiləsinə çıxdığı vaxt atəş açarkən kimisə bilərəkdən hədəf aldığına inanmadığını bildirib.

Hadisə nəticəsində yaralanan şəxslər San Fransisko şəhərinin xəstəxanasına aparılıb. Xəstəxananın sözçüsü yaralanan şəxslərdən birinin vəziyyətinin ağır, birinin isə ciddi olduğunu deyib. Üçüncü şəxsin vəziyyətinin normal olduğu bildirilir.

 

Amerikanın Səsi