Dövlətin satışa çıxardığı mənzillər sosial ev statusuna cavab vermir – Ekspert

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) ilk layihəsi olan Yasamal Yaşayış Kompleksində mənzillərin güzəştlə satışına başlanılıb.

MİDA-dan verilən məlumata görə, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu, 8 ünvanında yerləşən Yasamal Yaşayış Kompleksinin 1,2,3 və 4 saylı binalarında mənzillərin satışı mayın 7-də, saat 10:00-da başlayacaq və avqustun 7-də, saat 10:00-dək davam edəcək. Satışa 1 kv.m – 940-950 AZN qiymətilə 260 mənzil çıxarılır. 

 İqtisadçı ekspert Samir Əliyev hesab edir ki, dövlətin satışa çıxardığı mənzillər daha ucuz olmalı idi.

“MIDA-nın satışa çıxardığı mənzillərin qiyməti heç də aşağı deyil və SOSİAL EV statusuna cavab vermir. Olsa-olsa NİSBƏTƏN ucuz ev statusuna uyğun gəlir. Hansısa özəl şirkət bu qiymətə satış etsəydi, bunu normal qarşılamaq olardı. Amma əlində dövlətin resursları olan, özəl şirkətlərdən fərqli olaraq əlavə qeyri-rəsmi ödənişlərdən azad olan MİDA-nın evləri daha ucuz olmalı idi”, – Samir Əliyev özünün feysbuk səhifəsində yazıb.

Bildirilir ki, bir otaqlı mənzilin qiyməti 29925 manatdan, iki otaqlı mənzilin satış qiyməti 47282 manatdan, üç otaqlı mənzilin qiyməti  65626 manatdan başlayır.

Vətəndaş mənzili İpoteka və Kredit Zəmanət Fondunun güzəştli ipoteka krediti vəsaiti hesabına aldıqda illik faiz dərəcəsi 4%, müddəti 3-30 il, minimal ilkin ödəniş 10% olmaqla bir otaqlı mənzilə 129-136 manat, iki otaqlı mənzilə 203-236 manat, üç otaqlı mənzilə 282-288 manat aylıq ödəniş etməlidir.

Mənzilə güzəştli şərtlərlə ipoteka krediti vasitəsi ilə sahib olmaq istəyən vətəndaş minimal ilkin ödənişdən artıq ödənilən məbləğə görə mənzilin satış qiymətini tam həcmdə öz vəsaiti hesabına birdəfəlik ödəyən vətəndaş isə bütün məbləğə əlavə 10% endirim əldə edəcək.

Mənzilə öz vəsaiti hesabına birdəfəlik ödəniş edərək sahib olmaq istəyən vətəndaş  üçün mənzillərin satış qiyməti belədir: bir otaqlı mənzil 26932 manat, iki otaqlı mənzil 42554 manat, üç otaqlı mənzil 59063 manat.

MİDA-nın sərəncamında olan mənzillərin əldə edilməsi “Elektron hökumət” portalında yaradılmış “Güzəştli mənzil” sistemi vasitəsi ilə elektron qaydada həyata keçirilir. Yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olan vətəndaşlar mənzil almaq hüququna malikdir.

Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq mənzillərin seçimində bərabər hüquqa malikdir.

 

Bastainfo.com