ADR 100 – Milli kursantlar: polis, ədliyyə və hərbiyyə

Əgər 1918-ci ilə səyahət edə bilsəydik görərdik ki, adi insanlar üçün ən ümdə məsələ qanunun aliliyi və nizam-intizamdır.

Vətəndaşların həyatını və mülkiyyətini qorumaq və hüquqlarını təmin etmək üçün nə polis var idi, nə də ədliyyə sistemi mövcud idi.

Köhnə sistem dağılmışdı, yenisi isə hələ ki, gözə çarpmırdı.

Milli hökumətin Daxili İşlər Nazirliyi olsa da, heç bir polis qüvvəsi mövcud deyildi. 1919-cu ildə bəzi məsələlər tədricən düzəlməyə başladı.

Yeni milli hökuməti problemlərə görə qınamaq da çətindir, çünki bu problemlərin kökü keçmişə dayanırdı.

Çar hökuməti dönəmində ruslar Bakı və Yelizavetpol (Gəncə) quberniyalarında və Bakı şəhərində əsas administrativ və hüquqi strukturlara nəzarət edirdilər.

Onlar azərbaycanlılara təlim keçmir və onları kursant kimi qəbul etmirdilər.

Əsrin əvvəlində mülki administrasiyalardakı 1100 işdən 700-də ruslar çalışırdı.

İdarəçilik, ədliyyə və hərbiyyədəki azərbaycanlıların sayı çox az idi. Müharibədən əvvəl hüquq-mühafizə orqanlarında çalışan 5100 işçidən 4100 nəfəri rus idi.

Ədliyyədə çalışan 580 nəfərdən isə 260 nəfəri rus, 150 nəfəri isə erməni idi.

Buna görə də 1918-ci ildə milli hökumətin yeni dövlət strukturlarını formalaşdırmaq üçün yetərincə mütəxəssisi yox idi.

Fətəli xan Xoyski

Təkcə ictimaiyyət deyil, baş nazir Fətəli Xan Xoyski də problemlərdən şikayətlənirdi. 1918-ci ilin dekabr ayındakı çıxışı zamanı o etiraf edirdi ki, müstəqilliyin elanından sonrakı ilk altı ay ərzində ölkədə heç bir qayda-qanun olmayıb.

Milli hökumət nəzarət etdiyi ərazilərdə vətəndaşların həyatını və hüquqlarını qorumaq üçün heç bir milli polis qüvvəsinə malik deyildi.

“Daxildə hərci-mərclikdən başqa heç bir şey yox idi. Hətta polis də yox idi. Ona görə hamıdan artıq polis işlərinə diqqət etdik. İndi allaha şükür olsun ki, Azərbaycanın hər yerində lazımi qədər olmasa da xalqın malını, canını müdafiə edəcək təşkilatımız var”, Xoyski deyirdi.

O, həmçinin ölkədə heç bir məhkəmənin fəaliyyət göstərmədiyini də etiraf edirdi.

“Ədliyyə idarəsi olmayınca, məmləkəti polis qüvvəsi ilə idarə etmək olmaz. Bu iki birdir ki, əvvəl başdan milliləşməli idi. Hökumət əldən gələn qədər çalışaraq yox olan ədliyyə idarələrini təcdid etdi. İndi Allaha şükürlər, hər yerdə olmaz isə də bir çox ədliyyə idarələrinə türk dili bilən adamlar təyin edilmişlər”.

Xoyskinin dediyi kimi, hökumət uzun yolun başlanğıcında idi.

Hüquq-mühafizə və ədliyyə idarələri ilə yanaşı, hərbiyyədə də mili kursant çatışmazlığı var idi.

Gəncə yunkerlər məktəbinin zabitləri, unter-zabitləri və yunker-kursantlarıGəncə yunkerlər məktəbinin zabitləri, unter-zabitləri və yunker-kursantları

Köhnə sistemdə ruslar digər slavyan xalqları ilə birgə Bakı və Yelizavetpoldakı hərbi kursantların 70 faizini təşkil edirdilər.

Картинки по запросу şıxlinskiO da həqiqətdir ki, imperiya ordusunda general Əliağa Şıxlinski kimi bir neçə azərbaycanlı zabit də xidmət göstərirdi.

Rusiya ordusunun müsəlman korpusu da mövcud idi. Lakin korpusdakı bir çox zabitlər ruslar idi. Rusiya ordusundakı azərbaycanlı zabitlər yeni komanda yaratmaq üçün kifayət deyildi.

Məsələ təkcə döyüş qüvvələri və zabitlərlə bağlı deyildi. Müasir ordunun uğurları Müdafiə Nazirliyinin təcrübəsinə bağlıdır. Müdafiə Nazirliyi müasir ordunun ehtiyaclarını qarşılamalı, planlaşdırmalı və təmin etməlidir.

Nazirliyin işinə orduya yeni əsgərlərin qəbulundan tutmuş, ərzaq ehtyatlarının bölüşdürülməsi də daxildir. Bütün bu işləri görmək üçün təcrübəli milli mütəxəssislərə və kursantlara ehtiyac var.

Müvəqqəti çıxış yolu kimi, hərbi işlər türk zabitlərinə həvalə edilmişdi, 1918-ci ilin dekabrında onların ölkəni tərk etməsinə qədər.

İstanbuldakı Müharibə Nazirliyindən polkovnik Behiçin rəhbərlik etdiyi zabitlər qrupu ordunun gündəlik fəaliyyətinə nəzarət etmək üçün Azərbaycana gəlmişdi. Bu departament Hərbi İşlər Müdiriyyəti adlanırdı.

1918-ci ildə Türkiyə Azərbaycan və Qafqazdakı digərlərinin müstəqilliyinin güclənməsində maraqlı idi. Türklər milli kursantların hazır olmasından sonra ölkəni tərk etmək istəyirdilər.

Bu siyasətə uyğun olaraq həmin dövrdə Azərbaycanda mövcud olan yeganə ordunun (Qafqaz İslam Ordusu) rəhbəri Nuri Paşa Gəncədə iki milli hərbi məktəbinin açılmasına təşəbbüs göstərmişdi.

İlkin plana görə, bu məktəblərin məzunları tədricən türk zabitlərini əvəz etməli idilər.

İlk belə məktəb 1918-ci ilin iyununda açılır və 100 tələbəni qəbul edir. Nuri Paşa həmin dövrdə İslam Ordusunun ən təcrübəli zabitlərindən biri olan polkovnik Arif bəyi məktəbin rəhbəri təyin edir.

Tələbələr 5-6 aylıq təhsilin ardından “taqım komandiri” kimi məzun olurlar.

İkinci məktəb isə 1918-ci ilin avqust ayında çavuş təhsili üçün fəaliyyətə başlayır. Təhsil müddəti dörd ay olur.

İlk 400 tələbə 1918-ci ilin oktyabr ayında məzun olur, Nuri paşanın göstərişi ilə planlaşdırıldığından bir ay tez.

1918-ci ilin dekabr ayında türk zabitlərin ölkəni tərk etməsindən sonra Azərbaycanın milli hökuməti milli ordu və müharibə nazirliyinin formalaşdırlması işlərini davam etdirir.

Hərbi münaqişələr zamanı insanlar respublikanın müstəqilliyi üçün milli ordunun əhəmiyyətini başa düşürdülər. Yeni məktəblərə çoxlu sayda müraciətlər olurdu.

Cəmiyyət övladlarını respublikanı qorumaq üçün orduya göndərməyə hazır idi. Lakin onlar hökumətdən onların övladlarına yaxşı baxmağını istəyirdilər.

Картинки по запросу mehmandarov İnsanlar həmçinin orduya çağırış zamanı hər kəsə eyni cür rəftar tələb edirdilər. Təkcə ictimaiyyət deyil, müharibə naziri General Mehmandarov da favoritizmə qarşı idi.

“Hər yerdə kasıblar əsgər alınırdılar. Hər yerdə qoşun içində bir dövlətli, ya bəy, ya xan oğlu görmədim”, o 1918-ci ilin dekabrında qoşunları ziyarətdən sonra şikayət edirdi.

O, favoritizmə qarşı mübarizə aparmaqda israrlı idi. Bütün ölkələrdə və ordularda olduğu kimi, yeni orduda da bir neçə fərarilik halı baş verirdi.

Lakin General Mehmandarovun sözlərinə görə, ictimaiyyət belə halları dəstəkləmirdi.

“Gəncədə son zamanlar bir adam qaçmışdır. Əhali özü qaçanlara nifrət edir və hətta çox vaxt olmuşdur ki, əsgərlikdən qaçanı döyüb, sonra geri gətirmişlərdir. Güman var ki, müsəlmanlarda olan fitri nizam və ədəbə görə vaxtı ilə heç kəs qaçmayacaqdır”, o deyirdi.

1919-cu ildə milli hökumət bu problemlərə qarşı gərgin mübarizə aparırdı. Bunun nəticəsi olaraq da milli təhlükəsizlikdən tutmuş, ədliyyə sisteminə və ordu quruculuğuna qədər bir çox sahələrdə irəliləyişlər nəzərə çarpırdı.

 

BBC