FTX oyun qaydalarını pozdu: Kreml qorxu içində – Soldatov

Rusiya Sergey Skripala sui-qəsd etməklə mövcud tabunu pozdu.

Bunu Almaniyanın “Frankfurter Allgemeine Zeitung” qəzetinə müsahibəsində rusiyalı ekspert Andrey Soldatov deyib. Onun sözlərinə görə, bu sui-qəsd Kremlin siyasi sifarişidir:

“Sui-qəsd üçün zəhərli vasitənin istifadəsi hər şeyin Rusiyaya aid olduğunu göstərir. Digər tərəfdən, Skripala qarşı sui-qəsd motivi yalnız Moskvada olub. Moskva Londonla əməkdaşlıq edib, baş verən vəziyyətin aydınlaşdırılması üçün hər şeyi etməli idi. Əvəzində biz nə görürük? Hər dəfə yeni absurd versiyalar ortaya atılır. Baş şübhəli əməkdaşlıq yerinə tüstü bombası atanda digərlərini onun günahsızlığından daha çox şübhələnməyə məcbur edir.

Bu sui-qəsd xüsusi xidmət orqanları tərəfindən qəbul edilən bütün oyun qaydalarını poza bilər. Birincisi, casusların ailələrinə toxunmaq qadağandır. Digər tabu isə əfv edilən və dəyişdirilən şəxslərə qarşı hansısa addımlara yol verməməkdir. Məhz buna görə Skripal İngiltərədə öz adı ilə yaşayıb və onun üçün xüsusi təhlükəsizlik tədbirləri görülməyib.

Heç bir xüsusi xidmət orqanı oyun qaydalarını pozmaqda maraqlı deyil, əks təqdirdə sabahısı gün eyni şeylər onun adamlarına qarşı da tətbiq ediləcək. Skripal heç bir insayder informasiyasına malik deyildi. Ona qarşı cinayətə cəhdi xüsusi xidmət orqanlarının məntiqi ilə izah etmək olmaz. Bunun arxasında başqa məntiq dayanır. Bu, sadəcə siyasi sifarişdir. Hər şey siqnal kimi görünür. Onun hədəfi digərləri arasında qorxu hissini yaymaq ola bilər. Siqnalın kimlərə və niyə verildiyi isə hələlik tapmaca olaraq qalır.

Kremldə hakimiyyət özündən əmin şəkildə əyləşsə də, onun nümayəndələri “kabuslardan” qorxurlar. Bir neçə həftə öncə eşitdim ki, Kremldə ABŞ-ın Rusiyadakı seçkiyə müdaxiləsindən çox qorxurlar. Onlar hesab edirlər ki, xüsusi xidmət orqanları arasındakı müharibə şəraitində yaşayırlar və daim hücum gözləyirlər. Onlar düşünürlər ki, müxalifət lideri Aleksey Navalnı Mərkəzi Kəşfiyyat İdarəsinin adamıdır. Putin artıq öz elitasına qarşı müharibə elan edib. Hər şey Moskvada 2011-2012-ci illərdə hakimiyyətə qarşı böyük etirazlardan sonra başladı. O zaman Putin xüsusi xidmət orqanlarının əməkdaşlarına Rusiyadan kapital çıxarışını qadağan etdi. O təəssüflənmişdi. Ona görə ki, Federal Təhlükəsizlik Xidməti gələcək böhranlar haqqında öncədən xəbərdar olmalı idi, amma xüsusi xidmət orqanları gecikdilər. Bu təəssüf teraktlar, rejimə qarşı etirazlar və hətta Maydandakı etirazlarla bağlı idi.

Putin Rusiya xüsusi xidmət orqanları üçün oyun qaydalarını dəyişib. 2015-ci ildə o, dövlətdəki bütün əsas mövqeləri FTX-dakı adamlarına verdikdən sonra özünün köhnə idarəetmə sistemindən uzaqlaşıb. Putin artıq yatırımını köhnə sovet modelinə edib”.

 

Axar.az