Azərbaycanın İstanbuldakı konsulluğunda niyə xəcalət çəkdim

Vaqif Davud

Bu günlərdə həkim müayinəsindən keçmək üçün İstanbulun Çapa xəstəxanasında olmuşdum. Dostumuz Nəzmi bəy adlı bir Türkiyə vətəndaşı o prosesdə mənə yaxından yardımçı oldu…

Öz iş-gücünü bir tərəfə qoyub bir neçə gün və həm də təmənnasız! Özünün dediyi kimi, Allah xatirinə! Müayinə xərclərinin azaldılması üçün Nəzmi bəy xəstəxana görəvlilərindən biri olan yaxın tanışına müraciət etdi. Tanışı mənimlə salamlaşdıqdan sonra, – milliyyətcə türkmüsünüz, – deyə soruşdu.

-Hə, dedim.

Üzünü Nəzmi bəyə tutaraq, – Nəzmi bəy, belədə biz yardımçı ola bilərik. Bizim xəstəxana başqa olkə vətəndaşı olan milliyyətcə türklərə xidmət haqqında böyük güzəştlər nəzərdə tutub. Siz Azərbaycanın baş konsulluğundan bəyin Azərbaycan türkü olmağına dair arayış gətirə bilsəniz, bu işdə sizə yardımçı ola bilərik, – dedi.

Konsulluğa getdik. Binanın qarşısında xeyli adam var idi. Lakin, gözləyənlər üçün üstü örtülü bir duracaq yer yox idi. Yağmurlu və ya isti günlərdə ora müraciyət edənlərin necə ağır saatlar yaşadıqlarını təsəvvür etdim və nə üçün bütün sahələrdə bu durumda olduğumuza görə təəssüfləndim…

Türkiyədə insanı hər yerdə gülərüzlə qarşılayıqrlar, amma burada tam tərsi ilə üzləşdik. Konsulluğun işçiləri gənc idi. Lakin, buz kimi soyuq, saymazyana biriləriydi. Oların davranış və münasibətlərini görən kimi yadıma Tağı Əhmədov, Abid Şərifov düşdü…

Nəzmi bəy gəlməyimizin səbəbini anlatdı. Yaş kağızının və xarici pasportun surəti, xəstəxana raporu, 20 dollar rüsum ödənişinin çeki ilə gəlməyimizi tövsiyyə etdilər.

Deyilən sənədləri təşkil edib Türkiyə vaxtı ilə saat 12:20-də yenidən konsulluğa döndük. Sənədləri gözdən keçirən işçi bildirdi ki, belə arayışları bir həftə müddətinə veririk.

Nəzmi bəy hövsələdən çıxdı:

– Siz nə danışdığınızın fərqindəsinizmi? Bu adam sizin vətəndaş! Həm də xəstə! Çətinliklə sabah üçün randevü alıb. Bu gün pulu ödəyib sabah müayinədən keçməlidi. Bu arayışı ona görə alırıq ki, ödəniləcək xidmət haqqı güzəştli olsun, sən də deyirsən ki, get , bir həftə də İstanbulda yaşa, otelə, yeyəcəyə pul xərclə!

Nəzmi bəyin qətiyyəti məmuru xeyli düşündürdü:

– Yaxşı , biz ağsaqqala güzəşt edərik. Saat 15-də gəlib arayışı götürərsiniz.

Nəzmi bəy: Bəlkə indi verəsiniz, biz para ödəməyə imkan tapa bilək?

– Yox , ancaq saat 15-də!

Əlacsız konsulluğu tərk etdik. Daha iki saat yarım gözləməyə məcbur idik. Yenidən konsulluğa qayıtdıqda, saat 15-ə 10 dəqiqə qalırdı. Konsulluğun qarşısı isə adamla dolu idi. Növbə siyahısı tutulurdu. Adımı o siyahıya yazdırmağa lüzum görmədim. Düşündüm ki, arayışı elə qapıçı da mənə verə bilər. Mühafizəçi saat 15-də qapını açıb tərtib olunmuş siyahı əsasında adamları içəri buraxmağa başladı. Mən ona bildirdim ki, mənim içəridə işim yoxdu. Adıma hazırlanmış arayışı gətir, biz gedək.

– Olmaz , növbəyə yazılın, – dedi.

Nəzmi bəy tamam hövsələdən çıxdı:

– Sən necə adamsan, anlıyırmısan, bu adam xəstə! Hamı ona yardımçı olmaq əvəzinə, sən növbəyə dur deyirsən!

Mühafizəçi, – kənara çəkilin və növbəyə yazılın, yoxsa polis çağıracam – dedi.

Nəzmi bəy digər qapıya yaxınlaşıb, İstanbul bələdiyyəsinin məmuru olduğunu bildirdi və konsulun onu qəbul etməsini tələb etdi. İstanbulda Azərbaycanın baş konsulu Məsim Hacıyevdir. Onun qarşısına çıxan konsulluğun başqa bir əməkdaşı ilə danışırdı ki, mühafizəçi qapını açıb məni içəri dəvət etdi…

İçəridə şüşə arxasında oturmuş işçi, – gəlin , arayışı götürün, – deyə vərəqi mənə uzatdı.

Arayışı alıb çıxarkən qapıçıya üz tutdum:

– Cavan oğlan , bu o qədər də çətin bir iş idimi ki, sən belə bir əsəbilik yaratdın?

Nəzmi bəy hələ də konsulla görüşməkdə israrlı olduğunu qarşısındakı digər məmura izah edirdi.

– Nəzmi bəy, gedək, – dedim.

– Bəy , birirsinizmi, bütün bu hərəkətlərin nədənini? Ona görə belə edirlər ki, adamlar rüşvət verməyə məcbur olsunlar!

Mən çox yaxşı bilirdim belə münasibətin nədənini! Azərbaycanda hər addımbaşı üzləşdiyimiz tipik YAP məmuru münasibəti!

Yol boyu hələ də sakitləşə bilməyən Nəzmi bəyin üzünə baxa bilmirdim. İçimdə həmvətənlilərimin həm soyuq və etinasız, həm də qeyri-insani münasibətlərinə görə utanır, xəcalət çəkirdim. Nəzmi bəy xəstəxanada arayışı təqdim edərkən baş verənləri tanışına bir daha danışdı. Həmin adam arayışın verilmə tarixini və qısa məzmununu qeyd etdikdən sonra bizə qaytarıb dedi:

– Alın, qalsın sizdə. Yenidən gərək olarsa, bir də elə əxlaqsıza ağız açmayasınız! 

 

Bastainfo.com