“İsa dirildi!” – Bakı pravoslavları Pasxa bayramını qeyd edirlər

Bakıdakı “Jen Mironosits” pravoslav kafedral kilsəsində xristianların müqəddəs Pasxa bayramı qeyd edilir.

AZƏRTAC xəbər verir ki, Bakı pravoslavları bu kilsəyə bayram ibadəti keçirməyə toplaşıblar. Onlar müqəddəs dini nəğmələrə qulaq asır, şamlar düzürlər.

Qeyd edək ki, Pasxa xristianların ən qədim bayramlarından biridir. Müqəddəs Pasxa Günü – İsa Məsihin Dirilməsi bayramı bu il pravoslav təqvimi ilə aprelin 8-də qeyd edilir. Ənənəyə görə, dindarlar cümə axşamı səhər kuliç bişirir, axşam pasxa hazırlayır, şənbə günü onları kilsəyə aparır, şənbə günündən bazar gününə keçən gecə isə Pasxanın və İsanın Dirilməsi bayramının başlanmasını bildirən Xaç yürüşü edirlər.

Hamı pasxa süfrəsi arxasında əyləşir, bir-birini pasxa və kuliçə qonaq edir, yumurta döyüşdürür və bir-birini “İsa Dirildi!” kəlməsi ilə salamlayır.