Lavrov Qarabağ danışıqlarında 2011-ci il razılaşmasına qayıtmağa çağırıb

Dağlıq Qarabağ münaqişəsinin tərəfləri danışıqlarda irəliləyişin əldə edilməsi üçün bir-birlərinə qarşı inamsızlıqdan imtina etməli, 2011-ci ildə keçirilmiş Kazan sammitinin razılaşmalarından istifadə etməlidirlər.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistan mətbuatına müsahibəsində deyib.

Müsahibə Rusiya Xarici İşlər Nazirliyinin saytında yerləşdirilib.

Rusiyanın XİN rəhbəri qeyd edib ki, 2011-ci ildə Kazan sammitinə hazırlıq ATƏT-in Minsk qrupu həmsədrləri arasında da intensiv aparılıb. 

“Lakin sammitin gedişatında əlavə məsələlər və şərhlər ortaya çıxdı. Belə hallar olur. Biz bunu xüsusi faciəyə çevirmirik. İş davam etməlidir”, – deyə Lavrov vurğulayıb.

O, qeyd edib ki, Kazan sammitinin bir çox müddəaları hələ də aktuallığını itirməyib.

 

Oxu.az