“Mənimlə yatmalısan, yoxsa müsahibə olmayacaq”

Jurnalist Darya Komarova 2012-ci ildə tanınmış kinorejissor Stanislav Govoruxin-dən müsahibə almalı idi. Govorukhin həmin il prezident seçkiləri ərəfəsində Vladimir Putin-in seçki kampaniyasına rəhbərlik edirdi.

Govorukhin Moskvadan təxminən 670 kilometr şərqdə yerləşən Çuvaş Respublikasının paytaxtı Çeboksarıya səfəri zamanı ən böyük yerli qəzet olan «Proqorod»un müxbiri Komarova ilə görüşməyə razılıq vermişdi.

Gecəni onunla keçirməyi təklif edib

Komarova çox sevinmiş, hətta yaxınlarına və dostlarına tanınmış adamla görüşəcəyini demişdi. Üstəlik, çalışdığı qəzet də bu müsahibənin müqabilində ona yaxşı qonorar vəd etmişdi.

Komarova Govoruxinlə yerli restoranlardan birində görüşüb. Burada tanınmış rejissor müsahibə vermək üçün şərtlərini ortaya qoyub.

«O mənə gecəni onunla keçirməyi təklif etdi. Rədd etdim, o isə məni müsahibəni ləğv edəcəyi ilə hədələdi. Utandım, axı, bütün dostlarıma və həmkarlarıma tanınmış şəxs – Stanislav Govoruxindən müsahibə almağa getdiyimi demişdim», – Komarova bu yaxınlarda AzadlıqRadiosunun tatar-başqırd xidmətinə müsahibəsində deyib.

Şok yaşasa da, özünü sındırmayan Komarova öz mövqeyində dayanıb.

«Əvvəlcə mən ona dedim ki, müsahibə verməkdən imtina etsə, mənə itirdiyim vaxta görə kompensasiya ödəməli olacaq. Sonra ona otaqdan çıxıb qalmaqal yaradacağımı dedim. Görünür, bu onu qorxutdu. Bundan sonra ona bir neçə sual verdim və müsahibəni bitirdik», – deyə Komarova xatırlayır.

Komarova sonradan aldığı müsahibə ilə bağlı bir neçə faktı dəqiqləşdirmək üçün Govoruxinlə əlaqə saxlayıb. Rejissor telefonda son dərəcə laqeyd davranıb.

«O, telefonu götürəndə məni tanımadı. Bu, gülməli idi. Düşündüm ki, yəqin o, çoxlu əyalət jurnalisti ilə ünsiyyətdə olur. Ancaq bu, Govoruxinə aid deyil…», – deyə o xatırlayır.

AzadlıqRadiosunun tatar-başqırd xidməti Govorukhin-lə əlaqə saxlasa da, rejissor bu ittihama münasibət bildirməkdən imtina edib.

«İndi xəstəxanadayam və danışa bilmirəm», – Govorukhin deyib.

Həyat yoldaşına da danışmayıb

Ancaq Govorukhin daha öncə Komarova ilə müsahibə üçün görüşdüyünü də danmışdı. Qeyd edək ki, jurnalist müsahibənin nüsxəsini öz Facebook səhifəsində yerləşdirib.

Komarova o zaman qorxduğunu və çaşqınlıq içində olduğunu, ancaq həmkarları bu məsələni zarafata saldıqdan sonra insidenti unutduğunu deyir. O bu məsələni həyat yoldaşına da danışmayıb.

«Həyat yoldaşım onsuz da mənim jurnalist kimi çalışmağıma qarşı idi, sonra da bu hadisə baş verdi. Bəlkə də mən buna görə … danışmadım. İndi bu məsələyə gülə bilirəm. Bəzi yüksəkvəzifəli adamların gözəgəlimli qız görəndə özlərini necə aparması, sadəcə, gülməlidir. Ancaq bu, heç də gülməli məsələ deyil. Bu vəziyyətlərdə bu kişilərin özlərini aparması əsl rüsvayçılıqdır», – o deyir.

Komarova jurnalist fəaliyyətini davam etdirib, o cümlədən vaxtaşırı AzadlıqRadiosu üçün də yazıb. Sonradan o, keçmiş teleaparıcı, son seçkilərdə prezidentliyə namizəd Ksenia Sobchak-ın seçki kampaniyasının rəhbəri olub.

Bu zaman Rusiyada çalışan çox sayda qadın jurnalistin belə hallarla üzləşdiyi haqda iddialar səslənməyə başladı. ABŞ-dan başlamış #MeToo hərəkatı Rusiyaya da yayılmağa başladı.

Stanislav Qovoruxin və Vladimir Putin

Slutsky qalmaqalı

Rusiyada bu məsələni ilk qabardanlar arasında deputat Leonid Slutsky-ni cinsi təcavüzdə suçlayan qadın jurnalistlər də vardı.

Slutsky prezidentliyə namizədlərin canlı televiziya debatında Sobchak-ı «fahişə» adlandırmış Vladimir Zhirinovsky-nin LDPR partiyasının üzvüdür.

Komarova başına gələnləri öz Facebook səhifəsində paylaşandan sonra sosial mediada sərt tənqid olunub. Ona bu məqsədlə yaradılmış saxta profillərdən hücum edilib.

Martın 21- Dövlət Dumasının Etika komissiyası Slutsky-nin işini nəzərdən keçirib. Komitənin çıxardığı yekun qərara görə, Slutsky hər hansı davranış normalarını pozmayıb. Bundan sonra 20-dən artıq media qurumu jurnalistlərini ölkə parlamentinin aşağı palatasının işini işıqlandırmaqdan kənarlaşdırıb.

Putin-in sözçüsü Dmitry Peskov bu qədər cinsi təcavüz qurbanının niyə bu vaxtadək gözləyib yalnız indi şikayət etməsini sorğulayıb.

«O sizə təcavüz edibsə, niyə sakit durmusunuz? Niyə polisə getməmisiniz? Niyə bu qədər vaxt keçəndən sonra Etika komissiyasına müraciət etmisiniz?», – Peskov martın 29-u Moskvadakı universitetlərdən birində tələbələr qarşısında deyib.

Peskov deyib ki, ABŞ və başqa ölkələrdə qadınlar get-gedə daha çox cinsi təcavüz haqda danışmağa başlayıblar. O, Slutsky-ni ittiham edənlərin dəblə ayaqlaşmağa çalışdığını iddia edib.

 

AzadliqRadiosu