ReAL gizli qurultay keçirdi

ReAl Vətəndaş Hərəkatı öz qurultayını keçirib və partiyaya çevrilib. Bu haqda qurumun təmsilçisi Natiq Cəfərli məlumat yayıb.

“Aprelin 7-si və 8-də gerçəkləşən, yəni 48 saat davam edən qurultayın birinci hissəsi onlayn keçirilib. Qurultay nizamnamədən irəli gələrək, açıq səsvermə ilə partiyanın 40 nəfərlik Məclisini, İdarə Heyətini seçib. Partiya sədrliyinə isə alternativ olmayıb. Qurultay nümayəndələri açıq səsvermə ilə hazırda həbsdə olan REAL Hərəkatının lideri İlqar Məmmədovu partiyanın sədri seçib», – Natiq Cəfərli AzadlıqRadiosuna bildirib.

N.Cəfərli qeyd edib ki, partiya proqram və nizamnaməsinə dəyişikliklər gizli səsvermə ilə olmalı idi. O vurğulayıb ki, aprelin 8-də REAL Hərəkatinin ofisində qurultay nümayəndələrinə seçki keçirmək imkanı yaradılıb.

N.Cəfərlinin deməsinə görə, səsvermə səhər saat 10:00-dan axşam saat 18:00-a kimi davam edib.

N.Cəfərli deyib ki, yaxın günlərdə partiya Məclisi toplanaraq öz rəhbər şəxslərini seçəcək və qurumları təsis edəcəklər.

***

“Həyatda, siyasətdə maneələri dəf etmək üçün iradə və ağıl çox önəmlidir, yaradılan bütün çətinliklərə baxmayaraq fərqli formatda, kreativ üsullarla qurultayımızı keçirdik – partiya təsis olundu, REAL-ın sədri, Məclisi seçildi!” – Natiq Cəfərli özünün feysbuk səhifəsində yazıb. 

“Hökumət başqa siyasi təşkilatlara tədbirlər üçün verdiyi məkanları bizim üzümüzə qapatdı, olsun, amma anlamadılar ki, demokratiyada çarə tükənməz! İradə və ağıl köntöy, irrosional gücdən həmişə üstün olub-olacaq da!” – Natiq Cəfərli yazıb.

ReAl təmsilçisi əlavə edib ki, 48 saat davam edən maraqlı və fərqli proses haqqında bu gün ətraflı məlumat veriləcək. 

 

Bastainfo.com