Seçki prosesində pozuntu görənlər və görməyənlər…

3 gün sonra, aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçiriləcək. Sonuncu 2013-cü il prezident seçkisindən fərqli olaraq bu ilki seçkinin təşviqat kampaniyası həm çox sakit, həm də qanunvericiliyə edilən dəyişikilkdən asılı olaraq qısa keçdi. Bir sıra müşahidəçilər prosesin sakit keçməsini seçkinin 6 ay önə çəkilməsi ilə izah etsə də, fərqli düşünənlər də var.

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı xatırladıb ki, təşviqat kampaniyası aprelin 10-u səhər saat 8-ə qədər davam edəcək.

“Olmayan pozuntunu necə deyim”

O ötən müddətdə 31 rayonda prosesi izlədiklərini söyləyib:

“Olduğumuz hər rayonda, kəndlərdə Mərkəzi Seçki Komissiyasının (MSK) seçkiyə çağırış plakatlarına rast gəldik. Martın 19-dan namizədlərin təşviqat plakatları yayıldı, ancaq hamısı eyni vaxtda olmadı. Bəziləri Novruz bayramından sonra təşviqata start verdilər. Müşahidəçilərə seminar keçirdiyimizdən namizədlərin təşviqatı kampanityasını qəzet və televiziyadan izləməli olduq”.

Məhərrəm Zülfüqarlı bildirib ki, yerlərdə icra strukturlarının hakim partiya namizədinin xeyrinə təbliğat aparmasına rast gəlməyiblər:

“Biz yalnız təşviqat materiallarını görmüşük”.

“Heç bir pozuntu ilə rastlaşmamısınız” sualına Məhərrəm Zülfüqarlı “olmayan pozuntunu necə deyim” deyə reaksiya verib.

Onun sözlərinə görə, səfər etdikləri bölgələrdə sabitlik olub və seçki mühiti sakit şəkildə davam edir.

“Seçki dövründə alternativ seçim imkanı məhdudlaşdı”.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədli isə hesab edir ki, növbədənkənar prezident seçkisinin gözlənilmədən təyin olunması müxalifət və ictimai təşkilatların prosesdə aşağı səviyyədə iştirakına səbəb oldu:

“ Demək olar ki, rəqabətli, alternativ seçki yarışı yaşanmadı”

Onun fikrincə bunun birinci səbəbi azadlıqların mövcud səviyyəsinə uyğun olaraq bir çox siyasi qüvvələrin seçkidə iştirakdan imtina etməsi oldu. İkinci səbəb kimi isə O, seçkilərin növbədənkənar təyin edilməsi ilə müxalif partiyaların hazırlıqsız yaxalanmasını göstərir:

“ Heç bir rəqabətlilik yaşanmadı. Bununla da seçki dövründə alternativ seçim imkanı məhdudlaşdı”.

Anar Məmmədli
Anar Məmmədli

Anar Məmmədlinn fikrincə, rəqabətlilik təmin olunmasa da, bir sıra hallarda inzibati resurslardan istifadə etməklə əsas fovorit namizəd olan hazırkı dövlət başçısı İlham Əliyevin xeyrinə kampaniya aparıldı. “Məsələn, qeyri-hökumət təşkilatlarının, dini icmaların, yerli icra hakimiyyətlərinin prosesdə iştirak halları qeydə alındı. İcra hakimiyyəti strukturları müəllimlərin, müəyyən tədris ocaqlarının, iaşə obyektlərinin seçki prosesinə cəlb olunmasında iştirak etdilər. Bütün sadaladığım halları nəzərə aldıqda seçki təşviqat dövründə ədalətlilik, bərabərlilik və rəqabətlilik prinsiplərinin pozulmasının şahidi olduq. Xüsusi ilə medianın yanaşmasını qeydə almaq lazımdır. Faktiki olaraq bütün dövlət və əksər özəl elektron media hakimiyyətin təbliğatına qatıldılar. Bu mənada təşviqat dövrünü zəif rəqabət, alternativ seçim imkanlarının məhdudlaşması və demokratikliyin təmin olunmaması kimi qiymətləndirirəm”.

Xatırlatma

Bu il Azərbaycanda prezident seçkisi altı ay önə çəkilib. Aprelin 11-nə təyin edilən seçkilər oktyabrda keçirilməli idi. Ümumilikdə səkkiz namizəd qeydiyyatdan keçib. Bunlar Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Müasir Müsavat Partiyasının rəhbəri Hafiz Hacıyev və “Cəbhəçilərin təşəbbüs qrupu”dan Razi Nurullayevdir. Habelə, Yeni Azərbaycan Partiyasının sədri, hazırkı prezident İlham Əliyevin, deputat Zahid Orucun, Sosial Demokrat Partiyasının sədri Araz Əlizadənin və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının rəhbəri Qüdrət Həsənquliyevin də namizədliyi qeydə alınıb.

Bir sıra müxalif qüvvələr-Milli Şura, Müsavat Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası, NİDA Vətəndaş Hərəkatı, “ Müsəlman Birliyi” Hərəkatı isə seçkilərin azad və ədalətli keçirilməsindən ötrü şəraitin olmadığını bəyan edərək onu boykot ediblər.

Liderləri həbsdə olan REAL Hərəkatı da seçkiyə qatılmayıb.

Ancaq Mərkəzi Seçkilər Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib ki, Azərbaycanda azad və ədalətli seçkilərdən ötrü bütün imkanlar var.

Hazırkı dövlət başçısı İlham Əliyev də vurğulayıb ki, seçkilərin demokratik, seçki qanunvericiliyinə uyğun şəkildə keçiriləcəyinə, ədalətli, şəffaf olacağına və Azərbaycan xalqının iradəsini əks etdirəcəyinə əmindir.

Yerli hakimiyyət sturukturları isə bəyan ediblər ki, onlar prosesə heç bir qanunsuz müdaxilə etmirlər.

 

Amerikanın Səsi