Seçkiyə getmə, mitinqə gəl!

Hakimiyyət heç vaxt indiki qədər, Anadolu türkləri demiş, yıpranmamışdı. Kimi dindirirsən, hamı seçkiyə getməyəcəyini deyir. İş yerini itirməməmək üçün seçkiyə getməyə məcbur olduqlarını söyləyənlər də, heç bir namizədə səs verməyəcəklərini bildirirlər.

Vəziyyət o yerə çatıb ki, hətta Mehriban Əliyevanın qəbuluna düşmək üçün aylardır kənddən paytaxta yol ölçən ağbirçək xanımlar kamera qarşısında açıqdan-açığa deyirlər ki, onlar məntəqəyə getsələr də İlham Əliyevə səs verməyəcək, seçki bülleteninə etirazlarını yazacaqlar.

Hakim partiyanın seçki qərargahı bəzi üzvlərinin öz avtomobillərinin arxasına İlham Əliyevin şəklini vurması da lağ və lətifə obyektinə çevrilib. Deyilənə görə, onlar iş yerindən uzaqlaşan kimi şəkili maşının arxasından çıxarır, ertəsi gün iş yerinə çatmaq ərərfəsində yenidən yapışdırırlar.

Gələn məlumatlar onu göstərir ki, əvvəlki seçkilərdə sınaqdan keçirilən “yüzbaşı”, “onbaşı” sistemi də işləmir. İndi müdirlər hər işçiyə “heç olmasa 3 nəfər gətir” xahişini edirlər.

Düzdür, hakimiyyətin səs problemi yoxdur. Adamları məntəqəyə daşımaqda yeganə məqsəd görüntü yaratmaq – “massovka” təşkil etməkdir. “Kimə istəyirsən səs ver, heç səs vermə, təki gəl deyirlər”.

Əvvəllər bülletenləri qutulara dəstə-dəstə doldurardular. Sonra daha da həyasızlaşdılar, bülletenləri heç qutuya salıb-çıxarmağa lüzum duymadılar – yubkanın altından çıxarıb birbaşa səslərin sayıldığı masaya qoydular. Bu dəfə guman ki heç masaya da qoymayacaqlar, birbaşa Mərkəzi Seçki Komissiyasının payladığı kisələrə doldurub Dairə Seçki Komissiyalarına təhvil verəcəklər. Onsuz protokollar DSK-da yazılırsa, məntəqədə səs saymağa nə ehtiyac var?

Bəs sonra nə olacaq?

11 apreldən sonra 14 aprel olacaq.

Müxalifət ağır şərtlər altında daim seçkilərə qoşulub,  cəmiyyətə alternativ seçim təklif edib. Özümüz də bilmişik ki, “onsuz da saxtalaşdıracaqlar”, “xeyri yoxdur”, “qutudan istədiklərini çıxaracaqlar”. Amma üzləşdiyimiz iztehzalı atmacalara rəğmən cəmiyyətdə qələbəyə inam aşılamağa çalışmışıq, çünki nəyəsə nail olmaq üçün inamı zəruri şərt saymışıq.

Bu dəfə müxalifət olaraq seçkiyə qatılmadıq, namizəd irəli sürmədik. Amma yenə seçim təklif etmişik.

Bu dəfə təklif etdiyimiz çıxış yolu, budəfəki seçim kütləvi dinc etirazlardır, aprelin 14-nə təyin olunan mitinq və ondan sonra da davam edəsi fədakar mübarizədir. 

Deyirlər ki, icazəli mitinqlərdən əl çəkmək, “Məhsul” stadionundan kənara çıxmaq lazımdır. Düz deyirlər. Amma “Məhsul”dan kənara çıxmağın bir yolu da aksiyaya gələn adamların meydana sığmaması, qapalı stadiona daxil olmaq üçün növbəyə duranların sırasının İnşaatçılar metrosuna və prospektə qədər  uzanmasıdır. Siyasətdə hər şeyi ictimai rəy həll edir və bir izdihamlı mitinq, ictimai rəyi, bizim hər birimizin və bütövlükdə dövlətimizin qədərini dəyişdirə bilər.

Biz çoxuq, onlar azdırlar! Biz haqlıyıq, onlar haqsızdırlar! Şans həmişə var, onu dəyərləndirmək yenə bizdən asılıdır.

Biz deyirik seçkiyə getmə, mitinqə gəl!

Hakimiyyətdən və var dövlətdən doyub-usanmayan, kaşalot kimi yedikcə iştahası artan, bu amalına çatmaq üçün dövlətin bütün resurslarını şəxsən özünə tabe etdirmiş, azadlıq və ədalət uğrunda mübarizə aparan yüzlərlə insanı həbsə atmış, işdən qovdurmuş, çirkin üsularla qorxutmuş, satın almış, bununla da xalqı susdurmuş Əliyev rejimindən qurtulmağımızı istəyirsənsə, seçkiyə getmə, mitinqə gəl!

Ölkədə xalq tərəfindən seçilmiş, qoy, şəristəsiz amma insan sifəti olan hakimiyyətin formalaşmasını istəyirsənsə, seçkiyə getmə, mitinqə gəl!

Azərbaycanda gürur duya biləcəyimiz azad və ədalətli dövlətin qurulmasını istəyən hər kəsi mitinqə görmək arzusu ilə…

 

Mustafa Hacıbəyli