Vətəndaş cəmiyyəti: Seçkilər vacib institusional instrument kimi önəmini itirib

Bir qrup vətəndaş cəmiyyətini təmsil edən ekspertlər Azərbaycanda aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərinə dair qiymətləndirmə sənədi yayıb. Sənədi 14 ekspert, QHT təmsilçisi imzalayıb.

Qiymətləndirmədə deyilir ki, növbədənkənar prezident seçkilərinin təyin edilməsi səlahiyyətinin prezidentə məxsusluğu formal olaraq leqal akt kimi görünsə də, demokratik konstitutisionalizm prinsipləri baxımından qeyri-legitimdir.

“Seçki mühitinin və seçki qanunvericiliyinin azad və ədalətli seçkilərə təminat verməməsi, o cümlədən beynəlxalq standartlara uyğunsuzluğu, cəmiyyətə bunun zəruriliyini şərtləndirən ağlabatan izahat vermədən növbədənkənar seçki qərarına etiraz edən əsas müxalif qurumlar Milli Şura, Musavat Partiyası və REAL Təşkilatı seçkilərdə iştirakdan imtina edib. Nəticədə, əsas müxalif qüvvələrin qatılmadığı seçki faktiki olaraq siyasi alternativsizlik və bir partiyanın (YAP) bütün sferalarda hakim olduğu siyasi mühitdə baş verir”, sənəddə qeyd edilir.

Ekspertlər hesab edir ki, növbədənkənar prezident seçkiləri insan hüquq və azadlıqları sahəsində 9 oktyabr 2013-cü il prezident seckilərindən sonra yaranmış siyasi gərginlik, basqılar dövrünün davamına təsadüf edir.

“Ötən prezident seçkilərindən sonra ölkədə siyasi hüquqlar və onların fəaliyyət mühiti ciddi şəkildə məhdudlaşdırılıb, siyasi opponentlərə, müstəqil media və qeyri-hökumət təşkilatlarına və digər vətəndaş cəmiyyəti institutlarına qarşı təzyiqlər daha da gücləndirilib. Siyasi Məhbusların Vahid Siyahısı üzrə İşçi Qrupun yaydığı son hesabatda 142 nəfər şəxsin adı yer alıb”.

Sənəddə deyilir ki, uzun illərdir ki, müstəqil vətəndaş cəmiyyəti qurumlarına sistemli basqıların 2014-cü ildən sonra daha da güclənməsi QHT sektorunu iflic edib.

“Müstəqil QHT-lərə qarşı və onlarla əməkdaşlıq edən bəzi beynəlxalq təşkilatlara qarşı 2014-cü ildə açılmış cinayət işi hələ də qüvvədədir. Bu cinayət işi ilə bağlı 2017-ci ildə də həbslər baş verib. Xarici donorların (Qərb mənşəli) ölkədə fəaliyyəti də demək olar ki, qadağan edilib”.

Qiymətləndirmədə bildirlir ki, parlament çoxluğu de-fakto bütün seçki komissiyalarında səs çoxluğuna malikdir.

“MSK-nın məlumatına görə ölkə üzrə vahid seçicilər siyahısına 5192063 seçici daxil edilib. Ancaq bu rəqəm Dovlət Statistika Komitəsinin acıqladığı rəqəmlə kəskin surətdə fərqlənir. Həmin qurumun verdiyi məlumata gorə, əhalinin 7.1 milyon nəfərinin yaşı 18-dən yuxarıdır. Bununla da ölkədə seçicilərin sayı ilə bağlı yuxarıda adı cəkilən orqanların acıqladığı rəqəmlərdə ciddi fərq ortaya cıxır”, sənəddə deyilir.

Sənəddə deyilir ki, ölkədə azad media mühiti yoxdur.

“Seçkiöncəsi bir neçə müstəqil internet media resursu bloklanıb. Media mühiti yerli və beynəlxalq təşkilatlar tərəfindən kritik qiymətləndirilir və müxalif mətbuat qurumlarına, jurnalistlərə, blogerlərə, habelə sosial şəbəkə fəallarına basqıların dayanmadığı şəraitdə medianın demokratik cəmiyyətdə, o cümlədən seçki prosesində oynamalı olduğu rolu əhəmiyyətli dərəcədə zəiflədir”.

Qiymətləndirmədə 30 mart 2018-ci ildə ATƏT/DTİHB SMM-in ilk aralıq hesabatı tənqid edilib.

“Həmin hesabatda bir sıra problemlər öz əksini tapsa da, ümumilikdə bu sənədi hazırlayanlar duruma adekvat olmayan daha ölçülü-biçili qiymətləndirmə ortaya qoyublar ki, bu da yerli ictimaiyyətin tənqidi ilə rastlaşıb. Halbuki bu qurumun bundan öncəki hesabatlarında göstərilən dəyərləndirmələr daha sərt idi və həmin hesabatlardan ötən dövr ərzində ölkədə seçki mühiti nəinki yaxşılaşıb, əksinə qat-qat pisləşib”.

Sənəddə deyilir ki, Avropa Məhkəməsi Azərbaycanla bağlı çoxsaylı qərarlarında seçki komissiyalarında və məhkəmələrdə seçki şikayətlərinin səmərəli araşdırılmadığını vurğulayıb.

“Seçkilərin davamlı olaraq bu formada keçirilməsi, ATƏT və digər mötəbər beynəlxalq və yerli qurumların tövsiyə və çağırışların qulaqardına vurulması ona gətirib çıxarıb ki, faktiki olaraq demokratik prosesin əsas tərkib hissəsi kimi xalqın öz hakimiyyətini dinc yolla formalaşdırma proseduru olan seçkilər vacib institusional instrument kimi önəmini itirib”, qiymətləndirmədə qeyd edilir.

Öz növbəsində rəsmi Bakı seçkilərin azad, ədalətli, demokratik normalara uyğun keçirildiyini bildirir. Bir qayda olaraq dövlət rəsmiləri seçkilərlə bağlı tənqidləri qəbul etmir və qərəzli sayır.

 

Amerikanın Səsi