İsgəndər Həmidov – 70

Müsavat Partiyasının başqanı Arif Hacılı Azərbaycan Xalq Hərəkatı liderlərindən biri, keçmiş Daxili İşlər Naziri, Azərbaycan MİLLİ Demokratlarının lideri, MSDM üzvü, İstiqlalçı millət vəkili İsgəndər Həmidovu 70 yaşının tamam olması münasibəti ilə təbrik edib.

Təbrikdə deyilir.

“Hörmətli İsgəndər bəy!

Sizi doğum günü münasibətilə təbrik edir, Sizə uzun ömür can sağlığı, fədakar mübarizənizdə uğurlar arzulayıram.

Siz Azərbaycan Xalq Hərəkatının liderlərindən birisiniz. Azərbaycanın istiqlalı, ərazi bütövlüyü uğrunda gedən mübarizənin öncüllərindən biri, istiqlalçı millət vəkilisiniz.

Elçibəy hakimiyyəti dövründə Daxili İşlər Naziri kimi, ölkədə sabitliyin yaranması uğrunda cinayətkarlığa qarşı amansız mübarizə aparmaqla yanaşı, Qarabağın azadlığı naminə cəmiyyətin səfərbər olunması sahəsində ciddi işlər görmüsünüz.

Sonrakı illərdə Azərbaycan Milli Demokratlarının lideri olaraq Azərbaycanda hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu, ölkənin ərazi bütövlüyü, hüquq və azadlıqların təmin olunması uğrunda fəal mübarizə aparmısınız.

Sizə qarşı olan təzyiq və təqiblər, uzun müddətli həbsxana həyatınız Sizi Azərbaycan naminə apardığınız mübarizədən çəkindirməyib.

Əqidəyə sədaqətiniz, cəsarətiniz, prinsipiallığınız və işgüzarlığınız Sizə xalq arasında böyük etimad qazandırıb. Əminəm ki, bizim Sizinlə qurur duyduğumuz kimi, bütün Azərbaycan xalqı, Sizi tanıyan hər kəs xidmətlərinizi unutmayacaq və Sizinlə daim qürur duyacaq.

Hörmətli İsgəndər bəy!

Sizi bir daha 70 illiyiniz münasibətilə təbrik edir, Sizə uzun ömür, can sağlığı, şəxsi həyatınızda xoşbəxtlik, apardığınız bu şərəfli mübarizədə uğurlar arzulayıram”.

 

Bastainfo.com