Freedom House Azərbaycanı ‘oturuşmuş avtokratiya’ sayır

Postkommunist Avropası və Avrasiyasında yeni norma yayılıb – hökumətlər müstəqil qurumlara və vətəndaş cəmiyyətinə nifrət edir, siyasi müxalifətə və müstəqil mediaya hücum olunur, hakim partiyanın dövlətə qarışmasından ötrü fasiləsiz cəhdlər edilir. Bunu ABŞ-da mənzillənən Freedom House insan haqlarını müdafiə təşkilatı yeni hesabatında bildirir.

Qurum illik “Keçid Ölkələri” (Nations in Transit) hesabatını yayıb. Builki hesabat “Antiliberalizmlə Mübarizə” adlanır.

Sənəddə bildirilir ki, Macarıstan və Polşa kimi ölkələrdə antiliberal siyasətin yayılması regionun əsaslarını, demokratik perspektivlərini eybəcər hala salıb.

 Bunu uzun müddət idi Rusiya, Orta Asiya, yaxud Belarusda müşahidə edirdik. Ancaq getdikcə Mərkəzi Avropada – Macarıstan və Polşada da artdığını görürük. Bunun artıq institutların səviyyəsinə təsir göstərdiyini də görməyə başlayırıq. Ən dramatik dəyişikliklər Polşada baş verir”, – hesabatın layihə direktoru Nate Schenkkan AzadlıqRadiosu-na deyib.

Dəyərləndirilən 29 ölkədən 19-nun demokratiya balları aşağı olub. Bu, layihənin 23 illik tarixi boyunca ən kəskin düşüşdür. Artıq ikinci ildir ki, möhkəmlənmiş avtoritar rejimlərin sayı möhkəmlənmiş demokratiyalardan yüksək olub.

“OTURUŞMUŞ AVTOKRATİYALAR”

Türkmənistan “Avrasiyanın oturuşmuş avtokratiyaları” qrupunda liderdir, regionda ən pis göstəriciləri olan ölkə sayılır. Bu qrupa Belarus, Rusiya, Azərbaycan, Qazaxıstan və Özbəkistan daxildir. Hesabatda bildirilir ki, on illər boyunca davam edən “avtoritar idarəçilik, biabırçı korrupsiya və meqalayihələrə aşırı xərclər” Türkmənistanı hərtərəfli iqtisadi böhrana sürükləyib.

Azərbaycan hakimiyyət bu hesabata, hələlik, münasibət açıqlamayıb. Ancaq indiyədək hakimiyyət təmsilçiləri ölkədə insan haqlarının durumuyla bağlı beynəlxalq tənqidləri qəbul etməyiblər, fundamental hüquq və azadlıqların tam təmin olunduğunu bildiriblər. «Freedom House», «Human Rights Watch», «Amnesty International» hüquq-müdafiə qurumlarının tənqidləri isə ölkəyə qarşı «məqsədyönlü qarayaxma kampaniyası» kimi dəyərləndirilib.

 Hesabatda deyilir ki, struktur islahatların çatışmazlığı və Ukraynanın Krım vilayətini ilhaq etməsi üzündən qoyulan beynəlxalq sanksiyalar Rusiyanı “iqtisadi çöküş”lə qarşı-qarşıya gətirib.

Ukrayna, Moldova, Gürcüstan, Ermənistan və Qırğızıstan regionda avtoritarizmə sürüklənmə riski böyük olan ölkələr kimi sadalanır.

Hesabata görə, Ukraynada fundamental islahatlar pəncərəsi qapanmasa da, antokorrupsiya islahatlarına siyasi dirəniş, vətəndaş cəmiyyətinə və mediaya hücumlar 2014-cü ildən bəri ilk dəfə olaraq ölkənin demokratiya balını salıb.

Freedom House son bir ildə Makedoniya və Özbəkistanda müsbət dəyişikliklərin baş verdiyini vurğulayır.

 

Azadlıq Radiosu