Mark Zukerberq Konqresdə Trampa və Rusiyaya qarşı ifadə verdi

Facebook şirkətinin icraçı direktoru Mark Zukerberq Konqresdə keçirilən dinləmərdə ABŞ senatorları qarşısında ifadə verir. Zukerberq bundan öncə milyonlarla istifadəçi ilə bağlı məlumat bazasından informasiya axını ilə bağlı üzr istəyib.

Dinləmələr Senatın Ədliyyə və Maliyyə komitələrində keçirilib. Çərşənbə günü isə Zukerberq Nümayəndələr Palatasında qanunvericilər qarşısında ifadə verəcək.

Zukerberq Konqresdə ilkin çıxışı zamanı rəhbəri olduğu şirkətin çoxlu səhvlər buraxdığını və buna görə şəxsən özünün məsuliyyət daşıdığını bildirib. O, öz çıxışında ABŞ prezidenti Donald Trampa və Rusiyaya qarşı istifadə oluna biləcək ifadələr işlədib.

Zukerberq bildirib ki, saxta məlumatların yayılmasında və Rusiyanın ABŞ-dakı prezident seçkilərinə müdaxiləsində feysbukdan istifadə edilib, – Associated Press  məlumat verir. 

Ədliyyə komitəsinin sədri Çak Qrassli bildirib ki, “istifadəçilər onlarla bağlı məlumatların necə bölüşdürüldüyü və təhlükəsizliyin necə təmin olunduğunu bilməyə layiqdir”. Senator həmçinin Zukerberqlə innovasiyalarla təhlükəsizlik arasında müvazinətin necə təmin edildiyi ilə bağlı müzakirə aparmaq istəyir.

Mark Zukerberq qanunvericilərlə Vaşinqtonda bazar ertəsi özəl görüş keçirib. O, görüşlə bağlı açıqladığı yazılı mesajında bildirib ki, sosial media şirkəti özünü və istifadəçilərini qorumaq üçün daha çox işlər görməli idi.

Zukerberq keçən ay Facebook şəbəkəsinin milyonlarla istifadəçisi haqda məlumatların onların xəbəri olmadan Britaniyanın Cambridge Analytica şirkəti tərəfindən toplandığı haqda xəbərlərin verilməsindən sonra Konqresdə ifadə verməyə çağırılıb. ABŞ prezidenti Donald Trampın kampaniyası 2016-cı ildə potensial seçiciləri səsverməyə cəlb etmək üçün Britaniya şirkətinin xidmətlərindən istifadə edib.

 

Bastainfo.com