Seçki tamaşasının son pərdəsi

 Könül Alı

 

“Fake” partiyalar bütün avtoritar rejimlərdə dəb halını alıb. Onlar təkcə müxalifətə müxalif olmaq üçün deyil, həm də seçkilərdə xalqı və beynəlxalq ictimaiyyəti aldatmaq üçün nəzərdə tutulub.

Sırf seçki zamanı yaradılmasa da, seçki ərəfəsində aktivləşdirilən saxta siyasi partiyalar, onlardan çıxarılan namizədlər rejimin ölkədə bütün dəyərlərin məhv edilməsinə köklənmiş siyasətini həyata keçirir.

“Fake” partiyaların özlərini  radikal müxalifət kimi qələmə verərək xalqın müəyyən kəsiminin gözünə kül üfürə bilməsi danılmazdır. Üzvülük haqqından başqa gəliri olmayan real müxalifət partiyalarından maliyəsi, gəlirləri  barədə mütəmadi hesabat tələb edən hökümət bu partiyaların maliyələşməsi, seçkidən sonrakı öncəki və real fəaliyyəti barədə hər-hansı açıqlama tələb etmir.

Prezidentliyə namizəd kimi qeydə alınanların imzatoplama kampaniyasına belə ehtiyac duymurlar. Seçkilərdə müəyyən olunmuş baryeri aşa bilməyən namizədlər barədə təbliğat-təşviqat kampaniyasına ayrılan vəsaitin geri qaytarılması barədə Ana Yasanın Seçki məcəlləsində xüsusi müddəa var. Qaytarılırmı!?

Keçən dönəmlərdə Azərbaycanın tarixində ilk siyasi partiya olan Müsavat Partiyasına alternativ Müasir Müsavat Partiyasını yaratdılar.  Daha sonra AXCP-yə alternativ  Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasını yaratdılar. Cəmiyyəti çaşdırmaq məqsədi güdən eyniadlı partiyalar isə hökümətin kölgə funksiyasını həyata keçirdiyi gerçəyini gizlədə bilmədi.

 

Elə bilirsiniz alternativlərlə kifayətləndilər?

 

Xeyr. Baxdılar ki, Azərbaycanın siyasi tarixində, Milli Azadlıq Hərəkatında mühüm yeri olan bu partiyalara eyni adlı alternativlər yaratmaqla da “zərərsizləşdirə” bilmirlər, daha innovativ ideya fikirləşdilər. Məsələn, keçənlərdə Müsavatda “innovativ Səfibəyçilər” ,  AXCP-də “Razi Nurullayevçi” cərəyanı yaratdılar. 

Lakin müxalif  partiyaları parçalamaq məqsədi güdən ideya uğursuzluqla nəticələndi. Müsavatdan bilərəkdən və bilməyərəkdən gedənlərin əksəriyyəti daha sonra geri döndülər. Razi Nurullayevin ardınca gedənlərin də mənzərəsi xoş olmadı.

3-5 nəfərdən ibarət bir dəstənin “lider”ləri bu günkü seçkilərdə prezidentliyə namizəd, daha doğrusu İlham Əliyevin keçirdiyi növbədənkənar seçki şousuna  demokratik don geyindirmək üçün bir alətdir.

 

Kimə, nəyə lazımdır seçkiyə demokratik don geyindirmək?

 

Onsuz da ayıq vətəndaş “siyasətə qarışmasa belə” bu 7 namizədin sırf İlham Əliyevin prezident təqdim olunması üçün kosmetik vasitə olduğunu yaxşı bilir.

Ölkə vətəndaşını kimin gerçək, kimin çakma namizəd olduğunu inandırmağın vaciblik zərurətini duymayan rejim , beynəlxalq ictimaiyyətə demokratik seçki görüntüsü təqdimatında maraqlıdır.  

Beynəlxalq təşkilatların xətti ilə seçkiləri müşahidə etmək üçün Azərbaycanda zühr edən müşahidəçilərə də, burada baş verənlər o qədər maraqlı deyil. Totalitar rejimdən demokratiya ummağın axmaqlıq olduğunu onlar çox yaxşı bilirlər. Bura gəlməkdə məqsədləri başqadı. Rüşvətxor, korrupsioner, antidemokratik rejim kimi dünyada ad açmış mövcud hökumətin müşahidəçiləri satın almaqda usta olduğunu onlar da, yaxşı xatırlayır.

 

Satılmağa gəliblər desək inciməzlər

 

Bu günkü seçki üçün MSK-da 600-dən artıq beynəlxalq müşahidəçi akkreditasiyadan keçib.

Bu gün dünyanın “The New York Times”, “The Guardian” , “Reuters”  kimi konstruktiv mövqe sərgiləyən nəşrləri Azərbaycanın real müxalifət qüvvələrinin növbədənkənar seçki şousunu boykot etdiyini yazır. Bu vaxt istər-istəməz düşünürsən.

 

Bəs bu müşahidəçilər burada nə gəzir?

Bunlar dünyanın ən öndəgedən nəşrlərinin yazdığı “Azərbaycan müxalifəti növbədənkənar seçkini boykot etdi” xəbərlərini oxumayıblar?  

Yaxud şahid olduqları mənzərəni öz hesabatlarında əks etdirəcəklər?

 

İki həftə öncə bölgələrdə və mərkəzdə  müxalifət nümayəndələri ilə görüşən ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Seçki Müşahidə Missiyasının Azərbaycanda seçkilər ərəfəsindəki vəziyyətlə bağlı yaydığı aralıq hesabat artıq bu dəfə də, onların fərqli münasibət sərgiləməyəcəklərindən xəbər verir. Müşahidə Missiyasının yekun hesabatda “Para avçıları”nın mövqeylərini dəyişəcəyini gözləmək isə sadəlövlükdən başqa bir şey deyil. 

Dünən AŞPAATƏT müşahidəçiləri Müsavat, REAL partiyalarının liderləri ilə görüş keçirib. Müxalifət təmsilçiləri ölkədə seçkiqabağı siyasi mühit, seçki qanunvericiliyi, seçki kampaniyasının gedişi barədə çıxış ediblər. Onlar öz hesabatlarında bu gerçəkləri işıqlandıracaqlar? Yoxsa həmişəki kimi yalnız özət keçəcəklər?

Qeyd etmək lazımdır ki, ötən seçkilərdə Avropa və Qərbin Azərbaycanın siyasi sferasında baş verənləri bilərək, tam məlumatlı olmaqlarına rəğmən birmənalı olaraq səssiz qalması faktı var. Aralıq hesabatlarından bu qənaətə gəlmək olar ki, bu dəfə də qeyrisini gözləmək sadəlövlükdür.

Bu günkü seçkinin ssenarisinın  isə 2016-cı il referendumundan da qabaq yazılmış bir teatr tamaşası olduğu danılmazdır. Müsavat Partiyası Referendum əlehinə  “Respublika” təşəbbüs qrupu yaratmışdı. Konstitusiyaya ediləcək  mürtəce dəyişikliklərə görə həyacan təbili çalırdı.  

“Respublika” Təşəbbüs qrupunun təşviqat kampaniyasında müşahidə etdiyimiz hal Referendum da, təkrar olundu. Xalq keçirilən referenduma qatılmadı, seçkiyə getmədi, ənənəvi saxtakarlıq yolu ilə referendumu keçirib istədikləri nəticəni elan etdilər.

Bu günkü seçkidə də, eyni hal müşahidə olunacaq. Xalq seçkini növbəti dəfə yox, 2003-cü ildən sonrakı bütün seçkilər üçün boykot edib. Konstitusiyaya 2002-ci ildə proporsional seçki sisteminin ləğvi, 2009-cu ildə isə eyni şəxsin iki dəfədən artıq prezident seçilməsinə konstitusiya qadağasının götürülməsi barədə mürtəce dəyişikliklərdən sonra insanlar mövcud hakimiyyətin istənilən saxtakarlığa imza atacağına şübhə etmirlər.

Seçkidən sonra islahatlara ümid edənləri növbəti referendum dalğası sarsıda bilər. “Siyasətə qətiyyən qatılmayan” vətəndaş da, bu seçkidən sonra İlham Əliyevin xalqı ayağının altına alıb əzəcəyini düşünür. Konstitusiyası zorlanmış cəmiyyətdə əksi heç mümkün də, deyil.

Ona görə də seçkiyə getməyənlər ssenarisi yazılmış teatr tamaşasının aktyorları olmaq istəmirlər. Saxta partiyalarla, saxta namizədlərlə qurulan məzhəkənin son pərdəsi tragikomediya olacaq. Başı kəsilmiş cəmiyyəti susqunluqda qınamaq isə sadəlövlükdür. Cəmiyyət bu seçkini susqunluğu, laqeydliyi ilə boykot edib. İqtisadi böhran içində boğulan sadə insanlar oğurluq seçkidən sonra kəskin devalvasiya dalğasını necə dəf etməyin yollarını fikirləşir.

 

Bastainfo.com