Vaşinqton Post: “Azərbaycan prezidenti pop ulduzlarını demokratiyadan üstün sayır”

Vaşinqton Post qəzeti Azərbaycanın dövlət başçısı İlham Əliyev haqqında məqalə dərc edib. Aprelin 10-da, prezident seçkilərinə cəmi bir gün qalmış dərc edilən yazıda İlham Əliyevin öz xalqının malını talayan diktator kimi xarakterizə edilib.

“Diktatorun kitabçasında QAYDA 1: Seçkilərdə heç kimin ciddi şəkildə qarşınıza çıxmasına imkan verməyin. QAYDA 2: Öz xalqınızın sərvətlərini bacardıqca daha çox mənimsəyin ki, qayda 1-dən diqqəti yayındırmaq üçün Qərbin populyar artistlərini cəlb edə biləsiz. Atasından demokratiyaya nifrəti əxz eləmiş prezident İlham Əliyev əvvəllər Ledi Qaqanı, Mariax Kerini cəlb eləyirdi. İndi isə cənab Əliyev Azərbaycanda aprelin 28-də keçiriləcək Formula 1 Qran-prisində iştirak üçün pop ulduzu Kristina Aqileranı sifariş edib”, – Vaşinqton Post qəzeti yazır. 

Məqalədə xatırladılır ki, bu yarış seçkilərdən cəmi iki həftə yarım sonra baş verəcək: “Cənab Əliyev Azərbaycanda demokratiyanı o qədər boğub ki, o, bu çərşənbə keçirilən seçkilərdə şübhəsiz ki, böyük fərqlə qələbə çalaraq 4-cü dəfə prezident seçiləcək. Kampaniyada heç bir rəqabət mümkün deyil. İki müxalifət partiyası boykota çağırır. Cənab Əliyev seçkiləri 6 ay irəli çəkib, ehtimal ki, məqsədi siyasi rəqabətin olmadığı seçkiləri daha ciddi rəqabətin gözlənildiyi  avtomobil yarışına qədər yola vermək olub”.

Yazıda qeyd olunur ki, cənab Əliyev öz yıpranmış reputasiyasını bəzəmək üçün xəsislik eləmədən həmişə böyük pullar xərcləyib: “Keçən il, o, Azərbaycan jurnalistlərinə yüzlərlə pulsuz ev bağışlayıb; aparıcı redaktorlardan biri bunun rüşvətə bənzədiyini deyib”. 

Məqalədə “Azərbaycanın pul yuyan maşını” adlı hesabatdan da bəhs edilir. Xatırladılır ki, İlham Əliyev və onun hakimiyyətinin digər nümayəndələri Azərbaycanda insan haqlarının pozulması ilə bağlı hesabatları əngəlləmək üçün Qərb siyasətçilərinə böyük məbləğdə pul ödəyib və bahalı hədiyyələr veriblər. 

“Həmçinin Azərbaycan Dövlət Neft Şirkətinin sponsorluğu ilə Konqeresin 10 üzvü və 32 əməkdaşının Bakıdakı konfransa pusuz səfəri, onlara ipək şərflərin, xrustal çay dəstgahlarının və Azərbaycan xalçalarının hədiyyə edilməsi də hesabatlara düşüb”, – Vaşinqton Post yazır.

 

Mustafa Hacıbəyli

Bastainfo.com