ABŞ-ın kəşviyyat rəhbəri: “Bir neçə həftə əvvəl Suriyada 200 rus öldürülüb”

«Bir neçə həftə əvvəl ruslar layiqli rəqiblə üzləşiblər və 200 rusiyalı öldürülüb”.

Bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru, hazırda Dövlət katibi vəzifəsinə namizəd olan Mark Pompeo onun namizədliyi ilə bağlı Senatda keçirilən dinləmələrdə bəyan edib

Pompeo bunu ABŞ administrasiyasının Rusiyanı cilovlamaq üçün atdığı addımları sadalayarkən dilə gətirib. MKİ direktoru Ağ evin Rusiyaya qarşı sanksiyaları inkişaf etdirməyə hazır olub-olmadığı barədə suala cavab olaraq 60 rusiyalı diplomatın qovulmasını da xatırladıb. 

Rusiya mətbuatı yazır ki, 200 rusun ldürülməsini deyərkən, Pompeo fevralın 8-də Suriyanın Deyr-əz-Zor yaxınlığında olan döyüşləri nəzərdə tutur. Həmin dövrdə Rusiya və dünya KİV-ində yayılan məlumatlara görə, fevralın 8-də mənşəyi bəlli olmayan silahlı qruplaşma Suriya kürdlərinin nəzarətində olan neft yataqlarına hücum edib. Pentaqon həmin qruplaşmanın Rusiya aid olub-olmadığını Kremldən dəqiqləşdirməyə çalışıb. Rəsmi Moskva qruplaşmanın onlara aid olmadığını dedikdən sonra ABŞ hərbçiləri neft yatağına hücuma keçənləri məhv edib. Sonradan məlum olub bu hərbi qruplaşma Rusiyanın muzdlu əsgərlərindən ibarət olan xüsusi dəstə imiş. Rusiyalı ekspertlərin o vaxt irəli sürdüyü ehtimala görə, Kreml Pentaqona anlaşılmazlıq üzündən səhv məlumat verməklə, 200 rusiyalının ölümünə bais olub.

Qeyd edək ki, Rusiya rəsmiləri həmin hərbi əməliyyatda 200 nəfərin həlak olduğunu inkar etmişdi və Deyr-əz-Zor yaxınlığında gedən döyüşlərdə onlarla rus əsgərinin yaralandığını və cəmi 5 nəfər muzdlunun ölə biləcəyi haqqında məlumat yaymışdı. 

 

Mustafa Hacıbəyli

Bastainfo.com