Beynəlxalq missiya: Prezident seçkisində azadlıqlar məhdudlaşdırılıb

ATƏT, ATƏT PA və AŞPA-dan olan beynəlxalq müşahidəçilər ilkin bəyanat yayıb

Azərbaycanda növbədənkənar prezident seçkiləri həqiqi demokratik seçki kampaniyası üçün vacib olan əsas hüquq və azadlıqların məhdudlaşdırılması şəraitində keçirilib. Bu barədə aprelin 12-də Bakıda keçirilən mətbuat konfransında ATƏT, ATƏT PA və AŞPA-dan olan beynəlxalq müşahidəçilər bildiriblər.

Beynəlxalq missiyaya ATƏT-in qısamüddətli müşahidəçiləri, ATƏT Demokratik Təsisatlar və Insan Hüquqları Bürosunun (DTİHB) uzunmüddətli missiyası, Avropa Şurası və ATƏT Parlament assambleyalarının nümayəndə heyətləri daxildir.

Hüquqların məhdudlaşdırıldığı, plüralizmin olmadığı (KİV daxil olmaqla) şəraitdə seçkilərdə əsl rəqabət olmayıb. Namizədlər hazırki prezidenti tənqiddən çəkiniblər. Seçki kampaniyası və prezidentin fəaliyyəti arasında fərq olmayıb, beynəlxalq müşahidəçilərin bəyanatında deyilir.

Səslərin hesablanmasının yarıdan çoxu müşahidəçilər tərəfindən “qəsdən saxtalaşdırma səbəbindən mənfi” qiymətləndirilib.

Seçki günündə müşahidəçilər məcburi prosedurlara kütləvi məhəl qoyulmaması, şəffaflığın olmaması, seçki qutularına bülletenlərin topa şəkildə atılması kimi çoxsaylı ciddi pozuntuları qeydə alıblar.

Səslərin hesablanmasının yarıdan çoxu müşahidəçilər tərəfindən “qəsdən saxtalaşdırma səbəbindən mənfi” qiymətləndirilib.

ATƏT-in qısamüddətli müşahidəçi missiyasının rəhbəri Nilza de Sena hakimiyyətə tövsiyə edib ki, “DTİHB-nin öz yekun hesabatında irəli sürəcəyi tövsiyələri yaxşı nəzərə alsın”.

Seçkilər hakim Yeni Azərbaycan Partiyasının dominantlığı şəraitində keçib. Müxalifət partiyaları rəqabətsiz mühiti və vaxt azlığını səbəb gətirərək seçkiləri ya boykot edib, ya da ümumiyyətlə iştirak etməyib.

Hakim partiyanın kampaniyası resurslarla təmin edilib, namizəd özü isə ölkə boyunca səfərlər edib, yüksək vəzifəli qonaqları qəbul edib.

Digər yeddi namizədin kampaniyası məhdud olub, onların regional strukturları və resursları olmayıb, o qeyd edib.

Hüququn üstünlüyünün təmin edilmədiyi siyasi mühitdə ədalətli və azad seçkilər mümkün deyil

“Demokratik prinsiplərdən güzəştə gedilmiş və hüququn üstünlüyünün təmin edilmədiyi siyasi mühitdə ədalətli və azad seçkilər mümkün deyil”, AŞPA nümayəndə heyətinin rəhbəri Viorel Riserd Badea bildirib.

“Seçki günü biz bir sıra qanun pozuntularını müşahidə etdik, amma bunun seçkinin nəticələrinə necə təsir edəcəyini bilmək mümkün deyil”, o əlavə edib.

Mediaya aid olan məhdudlaşdırıcı qanunlar ifadə və mətbuat azadlığına çətinliklər yaradır, həm də veb-saytlar və sosial mediaya şamil edilir. Diffamasiya həbs ilə cəzalandırılan və prezidentə aid olduqda əlavə cəzalar tətbiq edilən cinayət əməlidir.

“Siyasi debatların ifadə azadlığına qoyulmuş məhdudiyyətlərdən dolayı daralmasını namizədlərin televiziyada öz fikirlərini təqdim edə biləcəkləri bir neçə həftəlik seçkiqabağı kampaniya ilə kompensasiya etmək mümkün deyil”, ATƏT PA nümayəndə heyətinin rəhbəri Marqareta Kiener Nellan bildirib.

“Həqiqi demokratik seçki üçün lazımi şərt olan fundamental hüquq və azadlıqlar praktikada ciddi şəkildə məhdudlaşdırılıb”, ATƏT DTİHB-nin seçki müşahidə missiyasının rəhbəri Corien Jonker qeyd edib.

“Hakimiyyət Azərbaycanın ATƏT iştirakçısı olan dövlət kimi öz vətəndaşları üçün demokratik hüquqlarının dəstəklənməsi, qorunması və hörmət edilməsu öhdəliklərini yerinə yetirməlidir”, o vurğulayıb.

Prezidentin səlahiyyətlərini daha da genişləndirən 2016-cı il konstitusiya dəyişikliklərindən sonra bu, ilk prezident seçkiləridir. Konstitusiya ilə zəmanət verilmiş seçkilərə aid əsas hüquq və azadlıqlar praktikada məhdudiyyətlərə məruz qalır. DTİHB və Venesiya Komissiyasının heç bir prioritet tövsiyəsi hakimiyyət tərəfindən icra edilməyib, bəyanatda vurğulanır.

Azərbaycanda saytlar bloklanır, korrupsiya faktlarını ifşa edən jurnalistlər həbs edilir, KİV ancaq hakimiyyətə işləyir, bütün bunlar qeyri-obyektivliyin göstəricisidir

Missiya üzvlərinin çıxışları iqtidaryönümlü jurnalistlərin və QHT nümayəndələrinin timsalında hakimiyyət tərəfdarlarının hay-küyü və aqressiv hərəkətləri ilə dayandırılıb.

“İki sahil” qəzetinin redaktoru Vüqar Rəhimzadə missiyanın rəyini “Azərbaycan xalqına təhqir adlandırıb”, onun antiazərbaycançı qüvvələrin sifarişi ilə yazıldığını və reallıqdan uzaq olduğunu bildirib.

O, Azərbaycanın nailiyyətləri haqda və beynəlxalq müşahidəçilərin xidmət etdikləri müəyyən dairələrin düşmənçilik fəaliyyətindən danışıb.

“Səs” qəzetinin redaktoru Bəhruz Quliyev hesabatda adı çəkilən pozuntularla bağlı sübutların təqdim olunmasını tələb edib. “Siz Azərbaycana dost olmayanlar tərəfindən yazılmış hazır sənədi gətirmisiniz”, o qeyd edib.

Hakimiyyət tərəfdarlarının emosional bəyanatlarını dinləyən missiya üzvləri qeyd ediblər ki, bütün faktlar və dəlillər missiyanın yekun hesabatında təqdim olunacaq. Hələlik demək olar ki, məntəqələrin 12%-də çox ciddi pozuntular qeydə alınıb. Bəzi məntəqələrdə beynəlxalq müşahidəçilər təzyiqlərə məruz qalıblar və işləyə bilməyiblər.

“Azərbaycanda saytlar bloklanır, korrupsiya faktlarını ifşa edən jurnalistlər həbs edilir, KİV ancaq hakimiyyətə işləyir, bütün bunlar qeyri-obyektivliyin göstəricisidir. MSK-nın məlumatına görə, sizdə seçicilərin sayı bir, Dövlət Statistika Komitəsi üzrə başqadır. Hakimiyyət öz partiyasına şərait yaradır və təbliğat məqsədilə tələbələrdən istifadə edir. Bütün bunlar nədənsə xəbər verir və beynəlxalq standartlara və öhdəliklərə uyğun deyil. Azərbaycan bu öhdəlikləri öz üzərinə könüllü götürüb və bizi də seçkiləri məhz bu standartlar üzrə qiymətləndirmək üçün dəvət edib”, – Nilza de Sena bildirib.

 

Amerikanın Səsi