Dustaqlara elektron cihazların tətbiqi barədə qanun qüvvəyə minib

Nazirlər Kabineti “Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə tətbiq edilən elektron nəzarət vasitələrinin siyahısının və onların tətbiqi qaydalarının təsdiq edilməsi haqqında” qərarına əsasən “Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə tətbiq edilən elektron nəzarət vasitələrinin siyahısı” təsdiqlənib. Bu barədə Nazirlər Kabinetindən bildiriblər.

Qərara görə, məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə elektron qolbaq, mobil nəzarət qurğusu, ev nəzarət stansiyası və ev siqnal ötürücüsü kimi 4 vasitə tətbiq edilir.

Elektron qolbaq şəxsin ayağına bağlanılır, coğrafi yerdəyişməni izləyir və monitorinq mərkəzinə məlumat ötürür.

Mobil nəzarət qurğusu elektron qolbaqla birgə istifadə edilən vasitədir. Bu qurğu daim şəxsin yanında olur, qolbaqdan daxil olan izləmə məlumatlarını eyniləşdirərək montorinq mərkəzinə ötürür.

Ev nəzarət stansiyası isə elektron qolbaqla birgə istifadə edilən, şəxsin yaşadığı evdə quraşdırılan elektron cihazdır. Bu, bir və ya bir neçə qurğudan ibarət ola bilər.

Evdə quraşdırılan ev siqnal ötürücüsü isə elektron qolbaqdan daxil olan siqnalları mobil nəzarət qurğusuna ötürən elektron vasitədir.

Xatırladaq ki, 2017-ci ildə Azərbaycanda cəzanın humanistləşdirilməsi ilə bağlı fərman verilib. Həmin fərmanda məhkum və barəsində həbs qətimkan tədbiri seçilmiş şəxslərin izlənməsi üçün elektron vasitələrdən istifadə edilməsi əksini tapır. Bu elektron cihazların tətbiqinin 2018-ci il aprelin 15-dən başlanması nəzərdə tutulurdu.

 

Turan