Makron: Trampı inandırdıq, türkləri ruslardan ayırdıq

Fransa prezidenti Emmanuel Makron ABŞ, Böyük Britaniya və ölkəsinin Suriya əməliyyatını olduqca uğurlu adlandırıb.

O, eyni zamanda, bu əməliyyatla müttəfiqləri Türkiyəni Rusiyadan ayırdıqlarını bildirib.

“Biz bu əməliyyatla türkləri ruslardan ayırdıq. Türklər Suriyadakı kimyəvi silahları və onlardan istifadəni qınadı”, – deyə o əlavə edib.

Makron bununla yanaşı, ABŞ prezidenti Donald Trampı Suriyadan geri çəkilməməyə, öz əsgərlərini oradan çıxarmamağa inandırdığını iddia edib:

“10 gün öncə Tramp “ABŞ Suriyadan çəkilməlidir”, – deyirdi.

Ancaq şəxsən mən özüm onu Suriyada qalmanın gərəkli olduğuna inandırmağa çalışdım və inandırdım”.

ABŞ-dan Fransa prezidentinin “Trampı Suriyada qalmanın gərəkli olduğuna mən inandırdım” açıqlamasına dərhal cavab gəlib.

Oxu.Az-ın xəbərinə görə, Ağ Evin sözçüsü Sarah Sanders bildirib ki, ABŞ-ın, Tramp administrasiyasının Suriyadan geri çəkilmə ilə bağlı planı dəyişməyib.

“Prezidentimiz ABŞ əsgərlərini mümkün olan ən qısa müddətdə ölkələrinə geri qaytarmaq məsələsində israrlıdır. Bu planda, bu qərarda heç bir dəyişiklik yoxdur”, – deyə o əlavə edib.

 

Bastainfo.com