Müsavat Divanında yeni tapşırıqlar verildi

Bu gün Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.

Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı görülən işlərlə bağlı məlumat verib.

Müsavat Partiyasının başqanı Arif Hacılının ATƏT-in Müşahidə Missiyasının nümayəndələri ilə  görüş haqqında məlumatı dinlənilib. Müsavat Başqanı görüş zamanı Azərbaycandakı mövcud ictimai-siyasi vəziyyət, müxalifət partiyalarının seçkilərdə iştirak etməməsinin  səbəbləri haqqında fikir mübadiləsi aparıldığını bildirib.

Divanda aprelin 11-də keçirilmiş növbədənkənar Prezident seçkiləri müzakirə olunub. Divan üzvləri seçkilərin kobud qanun pozuntuları ilə keçirildiyini vurğulayıb, Müsavat Partiyasının seçkilərlə bağlı aprelin 12-də elan etdiyi rəyi müsbət qiymətləndirib.

Divan üzvləri həmçinin ATƏT-n Müşahidə Missiyasının verdiyi rəyi reallığa uyğun sayaraq təqdirəlayiq hesab ediblər.

Divanda 14 aprel mitinqi müzakirə olunub. Mitinqin uğurlu keçdiyi, Müsavat Partiyasının bu mitinqin təşkilində iştirakının qənaətbəxş olduğu qeyd edilib.

Divanda hazırkı mərhələdə partiyanın qarşısında duran vəzifələr müzakirə edilib və müvafiq qərarlar qəbul edilib.

Partiya strukturlarının möhkəmləndirilməsi, zona müşavirələrinin keçirilməsi ilə əlaqədar görülən işlər barədə məlumatlar dinlənilib.

Divan iclasında Cümhuriyyətin 100 illiyi ilə bağlı tədbirlər müzakirə olunub. Keçirilən futbol turniri haqqında başqan müavini Fərəc Kərimli məlumat verib. Həftəsonu start götürəcək şahmat turnirinə hazırlıq işləri müzakirə edilib.

Divan iclasında dünyada gedən son siyasi proseslər xüsusi müzakirə edilib.

 

Bastainfo.com