Azərbaycan: Siyasi partiyalarda gender balansı necə gözlənir?

Azərbaycanda 11 aprel növbədənkənar prezident seçkiləri ərəfəsində ATƏT-in Seçki Müşahidə Missiyası ilk aralıq hesabatında ölkədəki siyasi mühitdə gender problemini vurğulayıb.

Təşkilatın hesabatında deyilir ki, “ictimai-siyasi həyatda qadınlar az sayda təmsil olunurlar, hazırkı parlamentdə 125 yerdən 21-ni qadınlar tutur, 14 dövlət komitəsi sədrindən yalnız bir nəfəri qadındır və heç bir qadın nazir yoxdur”.

BBC Azərbaycanca ölkədəki əsas siyasi təşkilatlardan qadınların siyasi həyatda iştirakı və partiya daxilində rolu barədə soruşub.

Çoxluğun Yeni Azərbaycan Partiyası tərəfindən formalaşdırıldığı parlamentin də idarəçiliyində kişilər üstünlük təşkil edir.

Milli Məclis sədri kişidir və onun 3 müavinindən biri qadındır.

Parlamentin tərkibində fəaliyyət göstərən 15 komitədən isə 2-nin rəhbəri qadındır.

qadınlar, gender balansının pozulması, Azərbaycanda gender balansı, kişi və qadınların nisbəti
Image captionDövlət idarəçiliyində gender göstəriciləri

Heç vaxt Azərbaycan qadını bu qədər fəal olmayıb

YAP sədrinin 4 müavini var və onlardan biri qadındır: Mehriban Əliyeva.

O, həm də ölkənin birinci vitse-prezidenti və prezidentin xanımıdır.

YAP-ın saytında yerləşdirilmiş məlumata görə, partiyanın Siyasi Şurasında 12-si qadın olmaqla 86 üzv var.

25 ildir iqtidarda olan partiyanın İdarə Heyətində 20 nəfər təmsil olunur ki, bunlardan 3-ü qadındır: Mehriban Əliyeva, Nurlana Əliyeva və Bahar Muradova.

Milli Məclisdə ən çox yer sayına malik olan Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının sədri Nurlana Əliyeva deyir ki, “YAP-da üzvlərin sayı təxminən 800 minə yaxındır ki, bunun da 50 faizdən çoxu qadındır”.

Onun fikrincə, Azərbaycan qadınları istər parlamentdə, istər icra orqanlarında, təhsil, səhiyyə, elm sahəsində yetərincə təmsil olunur.

YAP, qadınlar şurası, iqtidarın əsas qadın təmsilçiləri, YAP-çı qadınlarFotonun müəllifiAZERTAG
Image captionYeni Azərbaycan Partiyası Qadınlar Şurasının sədri Nurlana Əliyeva (soldan ikinci)

Qadınlar Şurasının sədri deyir ki, azərbaycanlı qadınlar AŞPA-nın iclaslarında öz ölkələrinin həqiqətlərini çatdırır, dövlət vəzifələrində, elm sahəsində çalışır və evlərində “gözəl bir gənclik” böyüdür:

“Azərbaycan qadınının fəaliyyəti heç bir tarixi dövrdə bu qədər fəal olmayıb”, xanım Əliyeva vurğulayıb.

Qadınların dövlət vəzifələrində az təmsil olunması kimi iradlarla razılaşmayan Nurlana Əliyeva “bütün rayonların icra hakimiyyətlərinin müavinlərinin qadın” olduğunu əsas gətirir: “Üç nazirin müavini qadınlardır. O cümlədən, sədri xanım olan Ailə, Qadın və Uşaq məsələləri üzrə Dövlət Komitəsi də elə nazirlik kimi bir qurumdur”.

gender göstəriciləri, siyasi partiyalarda qadınların rolu, partiya üzvlərinin neçə faizi qadınlardır
Image captionƏsas siyasi təşkilatlarda gender göstəriciləri

“Müsavatda bütün seçkili orqanlarda qadınlar üçün 25 fazilik limit var”

BBC Azərbaycancaya danışan Müsavat partiyasının başqan müavini Gülağa Aslanlı isə deyir ki, “onların partiyası ölkədə yeganə siyasi təşkilatdır ki, qadınlar üçün xüsusi kvota” ayırıb: “Bütün seçkili orqanlara 25 faizlik kvota var. Daxili seçkilərdə bu, mütləq nəzərə alınır”.

O, Müsavat partiyasında başqandan sonra gələn Məclis sədri vəzifəsini də icra edənin qadın olduğunu deyir.

Gülağa Aslanlının sözlərinə görə, partiyanın nəzarət təftiş komissiyasının sədri də qadındır, o cümlədən, Müsavat divanında kvotaya uyğun olaraq 4 xanım təmsil olunur, o vurğulayıb.

Başqan müavini onu da əlavə edib ki, kvota qadınların aktivliyindən asılı olaraq artırıla bilər.

Gözəl Bayramlı, həbs, siyasi məhbus qadınlar, siyasi təzyiq, siyasətçi qadınlar Hazırda həbsdə olan AXCP-nın sədr müavini Gözəl Bayramlı

AXCP Rəyasət Heyəti sədrinin müavini İradə Əliyeva BBC Azərbaycancaya müsahibəsində deyib ki, onların təşkilatında xanımların təmsil olunmağına heç bir maneə yoxdur.

Onun fikrincə, qadınlardan kim fəaldır, kim təşəbbüskardır, öz ideyaları ilə irəli çıxmaq istəyirsə, ona şərait yaradılır.

AXCP-nin nümayəndəsi deyir ki, partiyanın Ali Məclisinin 88 üzvündən 6 nəfəri qadındır.

Siyasi fəal və partiya sədrinin müavini Gözəl Bayramlı isə siyasi məhbusdur və bir ilə yaxındır ki, həbsxanadadır, İradə Əliyeva deyir.

REAL, İlqar Məmmədov, qadınlar, REAL-ın qadın üzvləri, Natiq Cəfərli, iqtisadçı, REAL partiyaNatiq Cəfərli: “REAL hərəkatına rəsmi üzv olanların sayı iki minə yaxındır və üzvlərdən təxminən 35 faziə yaxını qadındır”

“Qadınlar təzyiqlə üzləşməsinlər deyə İdarə Heyətindən kənarda qaldı”

REAL hərəkatının təşkilat məsələləri üzrə katibi Natiq Cəfərli deyir ki, REAL-ın üzvlük siyasəti fərqlidir bu səbəbdən də rəsmi üzv olnaların sayı iki minə yaxındır və üzvlərdən təqribən 35 faziə yaxın qadınlardır.

“REAL-ın 19 Bakı və regional məclislərinin hamısında ya sədr, ya da müavinlərdən biri mütləq qadındır.”- Natiq Cəfərli deyir.

O hesab edir ki, Azərbaycan siyasətində “gender məsələsi ağrılı” problemdir. Natiq Cəfərli düşünür ki, Azərbaycanda cəmiyyətin konservativ meyilli olduğuna, həm də ictimai münasibətlərə görə xanımların bu proseslərdə iştirakı problemlərlə izlənir.

REAL rəsmisi deyir ki, çox zaman ictimai-siyasi fəallığı olan xanım həm ailədaxili, həm də cəmiyyətin özünün yaratdığı maneələrlə qarşılaşır. Cənab Cəfərli əlavə edir ki, REAL-ın İdarə Heyətində qadın olmamasının da öz səbəbi var.

“İlk gündən bütün təqiblər, zərbələr məhz İdarə Heyətinə olub. Qadınların İdarə Heyətində olub o təzyiqlərlə üzləşməməsi üçün onlar ikinci planda qaldı”, – Natiq Cəfərli vurğulayır.

Gültəkin Hacıbəyli, Milli Şura, qadınların müxalifətdə təmsil olunmağı, gender balansı, sosial problemlər
Gültəkin Hacıbəyli: “Azərbaycanda müxalifətdə olmağı seçən qadın həbsi, təzyiqi göz önünə alır”.

“Cəmiyyət demokratik olmayanda, kişi dominantlığı özünü göstərir”

Milli Şuranın üzvü, keçmiş deputat Gültəkin Hacıbəyli BBC Azərbaycancaya deyib ki, qadınların daha çox uğur qazandığı və idarəçilikdə təmsil olunduğu ölkələr demokratik ölkələrdir:

“Azərbaycanda demokratik mühit yoxdur. Cəmiyyət demokratik olmadığı üçün qadınların üzə çıxmasına, fəallıq göstərməsinə də şərait yaradılmır. Kişi dominantlığı özünü göstərir”- Gültəkin Hacıbəyli belə deyir.

Keçmiş millət vəkili hesab edir ki, Azərbaycan kifayət qədər mühafizəkar cəmiyyətdir və onun fikrincə, bu da qadınların ictimai-siyasi həyatda, o cümlədən idarəetmədə fəallığına təsir edir.

Ancaq sosial problemləri də unutmaq olmaz, keçmiş millət vəkili deyir: “Demokratiyanın olmadığı cəmiyyətlərdə firavan yaşayan cəmiyyət olmur və firavan yaşamayan cəmiyyətlərdə sosial problemlərin ağırlığı daha çox qadınların üzərinə düşür”, o əlavə edir.

Gültəkin Hacıbəylinin qənaətinə görə, Azərbaycanda müxalifət düşərgəsində də qadınları ona görə az görmək olur ki, “müxalifətdə təmsil olunmağın sosial yükü daha ağırdır”.

Sabiq deputat deyir ki, Azərbaycanda müxalifətdə olmağı seçən qadın həbsi, təzyiqi göz önünə alır, bu isə hər qadının və onun ailəsinin qəbul edə bilməyəcəyi bir gerçəklikdir.

 

BBC