Hüquq müdafiəçisi iki saat dindirilib

Aprelin 16-da hüquq müdafiəçisi Oqtay Gülalıyev Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsində şahid qismində 2 saatdan çox dindirilib.

“Məni heç bir aidiyyatım olmayan cinayət işi üzrə şahid qismində dindirdilər”,O.Gülalıyev Amerikanın Səsinə bildirib.

Ondan verilən sualların açıqlanmamasına dair iltizam alınıb.

Hüquq müdafiəçisi hesab edir ki, polisə çağırılması onun ictimai fəaliyyəti, əsasən 17 yaşlı fəal Fatimə Mövlamlını müdafiə etməsilə bağlı olub.

Aprelin 14-də gənc qız bildirib ki, onu oğurlayıblar və DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlayıblar. O.Gülalıyev bununla bağlı qurum rəhbərliyinə və baş prokurora müraciət edərək bu faktın araşdırılmasına çağırıb.

F.Mövlamlı martın 31-də müxalifətin mitinqindən sonra yoxa çıxıb. Aprelin 5-də bir qrup fəal onun azadlığa buraxılması üçün kampaniyanın başlandığını bəyan edib.

Ancaq həmin gün axşam F.Mövlamnlının Facebook-da videomüraciəti yayılıb. O, bir neçə gün ərzində yoxa çıxmasını səhhətilə əlaqədar rəfiqəsinin yanında qalması və telefonu qapatması ilə izah edib.

14 aprel mitinqindən sonra F.Mövlamlı yeni video yayaraq bildirib ki, beş gün DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılıb. Ondan AXCP-nin gənc fəallarına qarşı təxribatlarda istifadə etmək istəyiblər.

Aprelin 17-də AXCP Rəyasət Heyətinin üzvü İlham Hüseyn və təşkilatın gənclər komitəsinin rəhbəri Emil Səlimov DİN-in həmin idarəsinə çağırılıb.

Hüquq mühafizə orqanları bununla bağlı hələ şərh verməyib.

 

Bastainfo.com