Skripalların Moskvanın əmri ilə zəhərlənməsinə şübhə yoxdur – səfir Krofts

Böyük Britaniyanın Azərbaycandakı səfiri Kerol Krofts Turan agentliyinə müsahibəsində keçmiş sovet kəşfiyyatçısı Sergey Skripal və qızı Yuliyanın zəhərlənməsinin araşdırılması ilə bağlı vəziyyəti şərh edib.

Sual: London Sergey və Yuliya Skripalın başına gələn hadisəni Böyük Britaniyaya hücum kimi qiymətləndirib. Amma Moskva bildirib ki, bu cür iddialar əsassızdır. Rusiyanın bunda əlinin olmasının dəlilləri haqqında danışa bilərsiniz?

Cavab: Bu qətlləri məhz Rusiyanın törətmiş olması ehtimalı yüksəkdir. Böyük Britaniyada biz “ehtimal yüksəkdir” terminindən istifadə edirik, çünki Britaniya sistemində yalnız məhkəmə qəti təqsiri sübuta yetirə bilər. Beləliklə, “ehtimal böyükdür” ifadəsi hüquqi prosesin təzahürüdür və Rusiyanın təqsirindən hər hansı şübhənin ifadəsi kimi təfsir olunmamalıdır.

Britaniya hökuməti ona görə bu qənaətə gəlib ki, Porton Daun ekspertləri bu kimyəvi maddənin “Noviçok” əsəb qazının bir növü olduğunu müəyyən ediblər.

Port Daun laboratoriyası Kimyəvi Silah haqqında Konvensiyaya uyğun olaraq akkreditə edilmiş laboratoriyadır və müdafiə xarakterli araşdırmalar aparır.

Bu nəticəyə gəlməyimizin ikinci səbəbi Rusiyanın son on ildə bu əsəb qazını istehsal etməsi, indi də bunu etmək iqtidarında olması haqqında məlumatdır.

Baş nazirin Britaniya parlamentində bildirdiyi kimi, biz bilirik ki, Rusiya dövləti bu əsəb qazının köməyilə öldürmə üsullarını araşdırırdı.

Üçüncü səbəb Rusiyanın dövlət tərəfindən hər təşkil edilmiş qətllər törətməsi ilə bağlı faktlardır.

Biz özümüz belə bir nəticəyə gəldik ki, Rusiya qarşı tərəfə keçənlərə münasib qətl hədəfi kimi baxır, bu barədə Rusiya liderlərinin açıq etirafları var.

Yəni biz ona görə bu qənaətə gəldik ki, Port Daun əsəb qazının “Noviçok” olduğundan əmindir. Böyük Britaniya hökuməti bu məlumatlara, kəşfiyyat məlumatlarına və Rusiya tərəfindən alternativ izahın olmamasına əsaslanır.

Sual: London bildirib ki, Yuliya Skripal xəstəxanadan çıxıb, amma indiyədək onu mətbuatda göstərməyiblər, niyə?

Cavab: Yuliya Skripal danışa bilir. Rusiyanın konsulluq xidmətindən görüş haqqında sorğu daxil olub. O, Yuliya Skripala təqdim edilib, amma Yuliya Skripalın öz istəyi var, o da nəzərə alınmalıdır.

Sual: Moskvanın Skripalın ailəsinə belə bir hücum hazırlanmasının səbəbləri nə idi? Hücumun necə həyata keçirildiyi barədə son məlumatlar necədir? Necə düşünürsünüz, bu, Kremlin əmri idi yoxsa hansısa özfəaliyyət təzahürü?

Cavab: Bilirəm ki, istintaq davam edir, belə ki, Britaniya ərazisində mülki şəxslərin öldürülməsi cəhdi ilə əsəb qazının hərbi növündən istifadə olunub. Cəhd ağılsızcasına və ictimai təhlükəsizliyə zidd olub. Bu, kütləvi qırğın silahı idi. Skripallarla birlikdə, Britaniya polisi də kritik vəziyyətə düşüb, sıravi vətəndaşlar isə adi işləri ilə məşğul olarkən riskə məruz qalıblar.

Yeganə həqiqətəuyğun izah odur ki, buna görə məsuliyyəti Rusiya daşıyır və beynəlxalq ictimaiyyət bu fikirlə razıdır. Yalnız Rusiya bunun üçün lazım olan vasitələrə və səbəblərə malikdir.

Biz “Noviçok” əsəb qazını müəyyən etdik. Onun yaradılması çox böyük təcrübə tələb edir ki, bu, yalnız dövlət səviyyəsində mümkündür.

Biz bilirik ki, Rusiya onu istehsal edir və onun daşınması metodlarını araşdırır. Rusiya dövləti qarşı tərəfə keçənləri qanuni hədəf hesab edir və keçmişdə də onların qətllərini həyata keçirib.

 

Bastainfo.com