Əlikram Xurşidovun məhkəməsində vəkillərin vəsatəti təmin olundu

Aprelin 18-də Şirvan Rayon Məhkəməsində Müsavat Partiyası Şirvan rayon təşkilatının sədri Əlikram Xurşidovun işi üzrə məhkəmə prosesi davam edib.

Vəkil Nemət Kərimlinin “Basta”ya verdiyi məlumata görə, bu gün keçirilən prosesdə məlum olub ki, Əlikram Xurşidova qarşı ifadə verənlər birgə bizneslə məşğul olan şəxslərdir.

“Prosesdə daha bir şahid dindirildi. Vəkil Osman Kazımovun suallarından sonra məlum oldu ki, o, zərərçəkənlə birgə işləyir. Daha sonra suallar davam etdirildi və məlum oldu ki, bu işdə zərərçəkənlərin və şahidlərin hamısı dəmir alvrerçiləridir”, – Nemət Kərimli bildirib.  

Daha sonra iş üzrə zərərçəkən sayılan şəxslərlə şahidlər arasında telefon danışıqlarının olub-olmadığını ayırd etmək üçün mobil operator şirkətlərinə sorğu göndərilməsi haqqında vəsatət qaldırılıb.

Hakim vəsatəti təmin edib və məhkəmə qeyri-müəyyən vaxta qədər təxirə salınıb. 

 

 

Məhkəmə prosesində Əlikram Xurşidovun valideynləri ilə yanaşı, Müsavatın Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı və partiyanın bir qrup fəalı iştirak ediblər. 

Qeyd edək ki, 2017-ci ilin noyabrın 24 -də Şirvan Rayon Məhkəməsi Əlikram Xurşidovun 3 ay müddətinə həbs edilməsi haqqında qərar çıxarıb. Əlikram Xurşidova qarşı müxalifətçilər üçün ənənəvi olan “xuliqanlıq” ittihamı irəli sürülüb. Daha sonra o, polisə xəsarət yetirməkdə də ittiham edilib.

Müsavat Partiyası bu ittihamları əssasız sayır, Əlikram Xurşidovun siyasi fəaliyyətinə görə şərlənərək həbs edildiyini bildirir.

Bastainfo.com