Apellyasiya məhkəməsi intihar etmiş polkovnikin əmlakını geri qaytarmadı

2017-ci ilin avqustunda isə Bakı Hərbi Məhkəməsi üzərində həbs olan əmlakların müsadirə olunması haqda qərar vermişdi

Bakı Apellyasiya Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Antiterror Mərkəzinin intihar etmiş rəis müavini, polkovnik İlqar Əliyevə və ailə üzvlərinə məxsus olan əmlakların geri qaytarılması barədə verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə şikayət təmin edilməyib.

2015-ci ilin oktyabrında MTN-də keçirilən əməliyyat nəticəsində həbs olunanlar arasında nazirliyin Antiterror Mərkəzinin rəis müavini, polkovnik İlqar Əliyev də vardı. Onun həbsindən iki ay sonra – dekabrın 22-də saxlandığı 1 saylı Bakı istintaq təcridxanasında özünü asaraq intihar etdiyi bildirildi.

İ.Əliyevin bir xeyli əmlakının da üzərinə həbs qoyulmuşdu. MTN polkovnikinin ölümü ilə əlaqədar onun barəsində cinayət işinə xitam verilsə də, əmlakları üzərindən həbs götürülmədi. 2017-ci ilin avqustunda isə Bakı Hərbi Məhkəməsi üzərində həbs olan əmlakların müsadirə olunması haqda qərar verdi.

Hər iki məhkəmə instansiyası hesab edir ki, həmin əmlaklar cinayət yolu ilə əldə olunub.

İ.Əliyevə məxsus Badamdar qəsəbəsində 12 sot torpaq sahəsi və 2 mərtəbəli villa (798 min manat), Badamdar qəsəbəsində 6 sot torpaq sahəsi (180 min manat), N.Nərimanov prospektində obyekt (418 min manat), Nabranda 6 sot torpaq (12 min manat), Şamaxı rayonu Avaxıl kəndində torpaq sahələri (12 min 400 manat), Mərdəkan qəsəbəsində bağ evi (192 min manat), Ceyranbatan qəsəbəsində 8 sot torpaq sahəsi (21 min manat), Göyçay şəhərində daşınmaz əmlak (114 min manat), Çöyçay rayonu Çərəkə kəndində 2 hektar torpaq sahəsi (7200 manat) olan əmlakların üzərinə həbs qoyulub.

İ.Əliyevin intihar etməsi ilə bağlı cinayət işinə xitam verilib.

2015-ci ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılıb. İki ay sonra həmin nazirlik ləğv edilib, onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

Nazirliyin bir sıra vəzifəli şəxsləri həbs olunub. Onlar vəzifə səlahiyyətlərindən sui-istifadədə, hədə-qorxu ilə tələb etmədə və digər əməllərdə təqsirli bilinərək barələrində müxtəlif müddətli həbs qərarları çıxarılıb.

 

Amerikanın Səsi