Arif Hacılı və İsa Qəmbər iclasa telefonla qatıldı

Müsavat Partiyasının Mətbuat xidmətindən “Basta”ya verilən məlumata görə, bu gün partiyanın Divanının növbəti iclası keçirilib.

Almaniyada səfərdə olan Müsavat Başqanı Arif Hacılı və MSDM sədri İsa Qəmbər Divanın iclasına telefonla qatılıb. Tezliklə Bakıda olacaq görüş və bəzi fəaliyyət istiqamətləri ilə bağlı müzakirələrdə iştirak ediblər.

Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı görülən işlərlə bağlı məlumat verib.

Yadigar Sadıqov Cümhuriyyətin 100 illiyinə həsr olunmuş şahmat turnirinin açılışı, Fərəc Kərimli isə futbol turnirinin nəticələri haqqında Divan üzvlərini məlumatlandırıb.

Müsavat Partiyası Məclisinin sədri Nüşabə Sadıxlı Gəncə şəhərində keçirilən zona müşavirəsi haqqında danışıb. Bildirib ki, müşavirədə Gəncə, Samux, Göygöl, Goranboy və Şəmkir təşkilatlarının nümayəndələri iştirak ediblər.

Divan üzvləri Avropa Şurasının AŞPA-da korrupsiya ittihamları ilə bağlı hesabatını müzakirə ediblər. Azərbaycan hakimiyyətinin AŞPA nümayəndələrinə bahalı əşyalar və müxtəlif xidmətlər təklif etməsi faktının hesabatda təsdiqini tapması Azərbaycan adına növbəti biabırçılıq kimi qiymətləndirilib.

Divanda Nazirlər Kabinetinin yeni tərkibi müzakirə olunub. Yeni təyinatların Azərbaycanda siyasi və iqtisadi islahatlar aparılması istəyinin olmaması kimi dəyərləndirilib. Divanda Ermənistanda baş verən son hadisələr, avtoritar Sarkisyan rejiminə qarşı etiraz aksiyaları ətraflı müzakirə olunub. Qeyd edilib ki, Cənubi Qafqazda mövcud problemlərin həlli, regionda sülhün bərpası hər üç dövlətin demokratikləşməsindən keçir. Yığıncaqda Türkiyədəki növbədənkənar seçkilər ətrafında fikir mübadiləsi aparılıb, dünyada gedən son siyasi proseslər müzakirə edilib.

Sonda cari məsələlərə baxılıb.

 

Bastainfo.com