Məhbus ölümləri, işgəncələr, həbslər…

ABŞ Dövlət Departamenti Azərbaycanla bağlı sərt hesabat yaydı

2017-ci ildə Azərbaycanda çox ciddi işgəncə, siyasi və dini fəalların həbsi, mətbuat azadlığının boğulması faktları davam edir. Bu barədə ABŞ Dövlət Departamentinin 2017-ci ildə dünyada insan hüquqları sahəsində vəziyyət haqqında illik hesabatında deyilir.

Geniş yayılmış pozuntu faktları arasında məhbusların ölümü, ağır və həyat üçün təhlükəli şəraitdə saxlanılması, özbaşına həbslər, azadlıqların olmaması, siyasi məhbusların mövcudluğu, jurnalistlərə qarşı fiziki hədələr, şəxsi həyata müdaxilə, ifadə azadlığının məhdudlaşdırılması halları göstərilir.

Ölümlə nəticələnən ən az altı işgəncə və fiziki zorakılıq hadisəsi haqqında məlumat verilir. Xüsusən, 28 aprel 2017-ci il tarixində Kürdəxanı istintaq təcridxanasında bloger Mehman Qələndərov şübhəli şəraitdə vəfat edib. O, tezbazar və gizli şəkildə dəfn olunub. Məhbusun ölüm faktı üzrə istintaqın nəticələri haqqında ictimaiyyətə məlumat verilməyib.

Həmçinin, casusluqda ittiham olunan beş hərbiçinin öldürülməsi və yenə tezbazar dəfn edilməsi haqqında məlumat verilir. Ailələrə cəsədlərə baxmaq imkanı verilməyib. Məhbuslara qarşı işgəncələrə gəlincə, həbsdə olan bloger Mehman Hüseynov polis bölməsində işgəncəyə məruz qalıb.

“Müsəlman Birliyi” hərəkatının fəalları Abbas Hüseynov və Cabbar Cabbarov da Qobustan həbsxanasında işgəncələrdən şikayət edib.

Sentyabrda Bakıda saxlanılan LGTB fəallarına təhdid və təzyiq halları olub.

Tibbi yardım göstərilməməsi nəticəsində Xalq Cəbhəsi Partiyasının sədr müavini Gözəl Bayramlının həbsxanada vəziyyəti pisləşib.

2017-ci ilin martında Azərbaycan prezidenti 423 məhbusu əvf edib, amma onlar arasında cəmi 5 siyasi məhbus var idi. Ölkədə ümumilikdə 156 siyasi məhbus var.

Vətəndaşların məhkəmələrdə yalnız Vəkillər Kollegiyasının üzvləri tərəfindən təmsil edilməsi məhdudiyyəti ilə əlaqədar onların hüquqi müdafiə əldə etmək imkanlarının məhdudlaşdığı qeyd edilir.

Avropa İnsan Hüquqları Məhkəməsinin 2014-cü ildə çıxardığı həbsin qanunsuz olması barədə qərara baxmayaraq, müxalif siyasətçi İlqar Məmmədov həbsdə qalmaqdadır.

Həmçinin, 2016-cı ildə “Azadlıq” qəzetinin buraxılışı dayandırıldıqdan sonra ölkədə əhəmiyyətli müxalif çap nəşrlərinin qalmadığı qeyd edilir.

2017-ci ilin mayında “Azadlıq radiosu”nun, “Azadlıq” qəzetinin, Meydan TV-nin, “Azərbaycan saatı” verilişinin saytları bloklanıb.

Avqustun 24-də Turan agentliyinin direktoru Mehman Əliyev həbs edilib. Amma sonradan o, azad edilib, noyabrın 2-də isə iş bağlanıb.

Hesabat aprelin 20-də dərc edilib və rəsmi Bakı nümayəndələri hələlik ona reaksiya verməyiblər.

 

Turan