Əfqan Muxtarlı: “İnsan digər varlıqlardan vicdanının olması ilə fərqlənir”

Aprelin 24-də Şəki Apellyasiya Məhkəməsində jurnalist Əfqan Muxtarlının şikayəti üzrə proses başa çatıb. İclas zamanı müdafiə tərəfinin 14 vəsatətinin heç biri təmin edilməyib.

Məhkəmə Sərhəd Xidmətinin əməkdaşı, zərərçəkən kimi tanınmış Qafur Məmmədovun ifadəsini dinləyib. Ancaq o, Ə.Muxtarlının və vəkilin suallarını cavablandırarkən ziddiyyətli ifadələr verib.

Ə.Muxtarlı hakimə müraciətində deyib ki, insan digər varlıqlardan vicdanının olması ilə fərqlənir. O, hakimi vicdanla hərəkət etməyə çağırıb.

Ə.Muxtarlı onun işinin siyasi xarakterli olduğuna sübut kimi vəkillərindən birinin – Nemət Kərimlinin işdən kənarlaşdırılmasını göstərib. Sonda məhkəmə hökmü qüvvədə saxlayıb.

Xatırladaq ki, Ə.Muxtarlı 2017-ci il mayın 17-də Tbilisinin mərkəzində gürcü polislər tərəfindən oğurlanaraq Azərbaycana göndərilib. Növbəti gün 10 min avro qaçaqmalçılığı, sərhədçiyə müqavimət göstərmək, sərhəddi qanunsuz keçməkdə ittiham olunaraq həbs edilib.

2018-ci ilin yanvarında 6 il azadlıqdan məhrum edilib. Beynəlxalq və yerli hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar.