Azərbaycan “mətbuat azadlığı” reytinqində 163-cü yerdədir

Postsovet məkanı və Türkiyə KİV azadlığının tənəzzülü üzrə dünya lideridir. Bu bölgə ölkələrinin təxminən üçdə ikisi azadlıq indeksi reytinqində 150-ci yerə yaxın və ya ondan sonrakı yerləri tutmaqda davam edir.

Regionun ümumi indeksi Yaxın Şərq və Şimali Afrika ölkələri ilə müqayisə olunmağa yaxındır. Bu barədə “Sərhədsiz Reportyorlar”ın aprelin 25-də dərc edilmiş Mətbuat Azadlığı reytinqində deyilir.

Dünyada KİV əməkdaşları üçün ən böyük həbsxana Türkiyədir (157-ci yer). Bu ölkə ötən illə müqayisədə iki yer geriləyib. 2017-ci ildə ölkədə kütləvi məhkəmə prosesləri başlayıb. Bir ildən çox ilkin həbsdən sonra 2016-cı ilin iyulunda dövlət çevrilişi cəhdində ehtimal olunan iştiraklarına görə onlarla jurnalistə qarşı məhkəmə başlayıb. İlk hökmlər elan edilib, onların bəziləri ömürlük həbs qərarıdır.

“İki ilə yaxın davam edən fövqəladə hal hakimiyyətin plüralizmin qalıqlarını aradan qaldırmağa və prezident Erdoğanın konstitusiya islahatı keçirməsi üçün yol açmağa imkan verib. Hüquqi dövlətdən yalnız xatirələr qalıb, 2018-ci ilin yanvarında həbs edilmiş iki jurnalisti dərhal azad etməyi əmr edən Konstitusiya Məhkəməsinin qərarlarının yerinə yetirilməməsi bunu təsdiq edir”, deyə hesabatda bildirilir.

Bütün dünyada mətbuat azadlığının tənəzzülü fonunda Rusiyada müşahidə olunan açıq-aşkar durğunluğun (148-ci yer, dəyişməyib) arxasında vəziyyətin pisləşməyə davam etməsi gizlənir. SSRİ-nin dağıldığı gündən etibarən hələ heç vaxt Rusiyada bu qədər çox sayda jurnalist və bloger həbsdə olmayıb. KİV-ə Kremlə loyal oliqarxların əhəmiyyətli dərəcədə nəzarət etdiyi bir vaxtda müstəqil mətbuata və araşdırmalarla məşğul olan jurnalistlərə qarşı təzyiq güclənir. 2018-ci il prezident seçkiləri ərəfəsində etirazların yenidən artması ilə qarşılaşan hakimiyyət İnternet üzərində nəzarəti daha da gücləndirdi, messencerlərə hücuma başladı və qanunvericilik səviyyəsində axtarış sistemlərinə təzyiqi və bloklamadan yan keçmə yollarını gücləndirdi… Cəzasızlıq mühiti jurnalistlərə qarşı yeni hücumlar üçün şərait yaradır, müstəqil redaksiyaların ünvanına daxil olan təhdidlər isə daha çox narahatlıq doğurur. Çeçenistan və Krım demək olar ki, tənqidi fikir bildirməyə cürət edən hər kəsdən təmizlənib. Bütün bunlar Moskvanın beynəlxalq səhnədə özünü informasiya sahəsində alternativ model kimi təqdim etməsinə mane olmur.

Regionun paranoyya hərəkət edən və ya demokratik standartlardan hamılıqla imtinadan ilham alan ən pis despotları repressiyaları artırmağda davam edir. Reytinqin onsuz da aşağısında olan bu despotlar bu il öz yerlərini daha da pisləşdirə bilib. Və bunu tamamilə cəzasızlıq şəraitində ediblər. Siyahıda sondan üüncü yerdə olan Türkmənistanın (178-ci yer) daha da aşağı düşməsinin çətin olduğu düşünülürdü. Amma ölkənin sonuncu müstəqil jurnalistlərinə vurulan zərbələr ağırlaşdıqca, ölkənin ümumi hesabı daha da pisləşir. Azərbaycan (163) və Qazaxıstan (158) hər biri bir yer geriləyib. Bakıdakı rejimə jurnalistləri həbs etmək kifayət etməyib və hakimiyyət əsas müstəqil informasiya saytlarını bloklayıb, sürgündə olanlara qarşı təzyiqi güclənidirib. Belarusda müvəqqəti sakitlik başa çatıb (155-ci yer, -2). Orada müxalifətin etirazlarının artması yeni repressiyalar dalğasına səbəb olub. 2017-ci ildə ən azı 100 jurnalist saxlanılıb, 60-dan çox jurnalist isə xarici KİV-lərlə əməkdaşlığa görə mühakimə olunub.

Bu il Tacikistanda müşahidə olunan müəyyən durğunluq (149-cu yer) sevindirici səbəb ola bilməz: 2016-cı ildə bu ölkə plüralizmin kökünü kəsib və reytinqdə birdən-birə 30 yer geriləyib. Bundan sonra KİV-in funksiyası “Milli Lider” Emomali Rahmona mədhiyyə oxumaqla məhdudlaşır.

Regionda yeganə nəzərəçarpan irəliləyişi Özbəkistan nümayiş etdirir (165-ci yer), ölkə dörd yer yüksəlib. 2016-cı ildə dünyada ən qapalı ölkələrdən birinə liderlik etməyə başlayan Şavkakt Mirziyoyev 2017-ci ildə sələfinin repressiv irsinə hücuma başladı. Hakimiyyət həbsdə olan jurnalistlərin bir hissəsini, o cümlədən 18 illik həbsdən sonra Məhəmməd Bekjanovu azad etdi.

Reytinqdə yuxarıda olan ölkələr arasında yalnız Gürcüstan (61-ci yer, +3) və nisbətən Ukrayna (101-ci yer, +1) öz hesabını yaxşılaşdırır. Amma Gürcüstanın yığdığı balların ümumi sayının zəif irəliləməsi onun kifayət qədər nisbi olmasına səbəb olur.

Qırğızıstanda KİV plüralizmi (98-ci yer) Orta Asiya üçün istisna təşkil edir, amma reytinqdə bu ölkənin doqquz bənd geriləməsi mətbuat azadlığı ilə bağlı ciddi narahatlıq yaradır. 2017-ci il “dövlət başçısını təhqir etməyə” görə həddindən artıq böyük cərimələr və müstəqil KİV-ə göstərilən təzyiqlə fərqlənib.

Ermənistan (80-ci yer) və Moldova (81-ci yer) hər ikisi bir yer geriləyib. Ermənistan üçün bu, ictimai əhəmiyyət daşıyan informasiyanın əldə edilməsi azadlığının yaratdığı narahatlıqla bağlıdır.

Sürgündə olan xarici jurnalistlərin həbslərinin sıxlanması da daha bir narahatlıq amilidir. Özbəkistanlı jurnalist Əli Feruz Almaniyaya göndərilməzdən əvvəl Rusiyada 6 ay həbsdə qalıb. Daha bir özbək, bir azərbaycanlı jurnalist və Qazaxıstanlı bir qadın bloger Ukraynada müəyyən müddətə saxlanılıblar. Azərbaycanlı Əfqan Muxtarlı isə Gürcüstanda oğurlanıb və zorla Bakıya aparılıb.

 

Amerikanın Səsi