Müsavat vəkillər haqda qərarın dərhal ləğv etməsini tələb edir – BƏYANAT

Müsavat Partiyasının Mətbuat Xidmətindən “Basta” ya partiyanın bəyanatı göndərilib.

 

Müsavat Partiyasının BƏYANATI

Növbədənkənar Prezident Seçkilərinin saxta nəticələri tələsik təsdiq olunduqdan sonra hakimiyyət ölkədə nəinki alternativsiz, hətta opponentsiz sistem yaratmaq istiqamətindəki fəaliyyətini davam etdirir.

Məlumdur ki, ölkədə ədalət məhkəməsi sistemi mövcud deyil. Hakimlər, ittihamçılar bütövlükdə ölkəni təklikdə idarə edən siyasi qüvvənin təmsilçiləridir.

Məhdud sayda müstəqil vəkillərin olması belə hakimiyyəti narahat edir. Ona görə də zaman-zaman belə vəkillər siyasi sifariş əsasında qanuni fəaliyyətindən uzaqlaşdırılır.

Son günlər Vəkillər Kollegiyası yenə də siyasi sifarişə əsaslanaraq müstəqil mövqeli az saylı vəkillərdən ikisi – müsavatçılar Nemət Kərimli və Əsabəli Mustafayevin vəkillik fəaliyyətinin bir il müddətinə dayandırılması barədə qərar verib. Müsavat Partiyası müstəqil vəkillərin fəaliyyətini məhdudlaşdıran belə qərarların hakimiyyət qollarından biri olan məhkəmə sistemi üzərində nəzarətin hakim klanın əlində tam olaraq cəmlənməsinə yönəlik addım hesab edərək qətiyyətlə pisləyir.

Müsavat Partiyası Vəkillər Kollegiyasının bu vaxta qədər kollegiyadan uzaqlaşdırdığı və fəaliyyətlərinə məhdudiyyətlər qoyduğu vəkillər barəsindəki qərarlarını ölkədə ədalət məhkəməsi sisteminə sarsıdıcı zərbə vurduğunu bəyan edir və bu qərarların dərhal ləğv etməsini tələb edir.

25 aprel 2018-ci il

 

Bastainfo.com