Din Azadlığı Komissiyası: “Azərbaycan dini azadlıqlara qarşı sərt mövqeyini dəyişməyib”

ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyası 2018-ci il üçün növbəti illik hesabatını açıqlayıb.

Hesabatda 16 ölkə “xüsusi narahatlıq doğuran ölkələr” kateqoriyasına daxil edilib və 2017-ci ildə 28 ölkədə dini azadlıqlar sahəsində baş vermiş tərəqqi və pozuntular sənədləşdirilib.

Hesabatın Azərbaycana aid hissəsində deyilir ki, rəsmi Bakı 2017-ci ildə də dini azadlıqlara münasibətdə özünün sərt mövqeyini dəyişdirməyib.

Hesabatda bildirilir ki, hakimiyyət dini fəaliyyətlərə müvafiq qanunlar və Cinayət Məcəlləsinin köməyi ilə tam nəzarət edir.

Həmçinin, protestantlara, Yəhova şahidləri təriqətinə və bəzi müsəlman qruplara qarşı polis reydləri 2017-ci ildə də davam edib.

Sənəddə qeyd olunur ki, dövlətin diqtə etdiyi qaydalara uyğun gəlməyən müsəlman liderlər saxlanılır, cərimələnir və onların məscidləri dağıdılır.

AZərbaycan xəritəsi -dinlər
AZərbaycan xəritəsi -dinlər

Hesabatda 2015-ci il Nardaran hadisələri, eyni zamanda nəticədə Müsəlman Birliyi Hərəkatı üzvlərinin 12 nəfərinin müxtəlif ittihamlarla 12 ildən 17 ilədək azadlıqdan məhrum edildiyi xatırladılıb.

Hesabatda deyilir ki, 2015-ci ildə qanuna edilmiş dəyişikliyin tələbi ilə dini qruplar rəsmi orqanlara fəaliyyətləri haqqında illik hesabat verməyə məcburdurlar.

Sənəddə, Azərbaycanda başqa QHT-lər kimi dini icma və qrupların da rəsmi qeydiyyatı xeyli çətinləşdirilib. Mövcud qanunlar hökumətə dindarlara münasibətdə “tam və hüdudsuz səlahiyyətlər” verir.

Hesabatda vurğulanır ki, Azərbaycanda əslində müsəlman təşkilatlar, başqa dinlərə aid qruplardan daha çox məhdudiyyətlə üzləşir.

Bu da bildirilir ki, ölkədəki siyasi məhbusların iki mövcud siyahısında təxminən 160 nəfər var və bunlardan 90-100-nün dini fəaliyyətlərinə görə məhbus edildikləri düşünülür.

Bu ilin hesabatında 16 ölkə xüsusilə narahatlıq doğuran kateqoriyaya aid edilib. ABŞ Dövlət Departamentinin təqdimatı ilə bunlardan 10 ölkə sənədə daxil edilib – Birma, Çin, Eritreya, İran, Şimali Koreya, Səudiyyə Ərəbistanı, Sudan, Tacikistan Türkmənistan və Özbəkistan.