“Xalq elə olar e” deyənlərə

Cavidan Cəfərli

Çox çirkin, idbardan idbar vәziyyәtә düşmüşük…

Әn xırda mәsәlәlәrdә mәktәbdә, universitetdә, xəstəxanada, hüquq mühafizә orqanlarında öz haqqını tәlәb etmәk, çalışdığın kollektivdә hüquqlarını müdafiә etmәk, xırda, lap xırda hәqiqәtlәri dә dilə gətirmək müşkülә çevrilib.

İnsanlar monotonluğun, depressiyanın, mәnәvi tәnәzzülün müşayәti ilә özünü linç halına gәtirilir. Sanki ölkəmiz hər yeri “Letargiya xәstәlәri” ilә dolu palatalara çevrilib. Şimali Koreyaya, Türkmәnistana doğru gedirik.

Bu gün getmәmişiksә, dünәn getmәmişdiksә, sovet dövründә getmәmişdiksә, bunu ayrı-ayrı fәrdlәrin fәdakarlığına borcluyuq.

Bu gün әn xırda, lap xırda azadlıq tәlәb etmәk tәhlükәli hala gәlib. Buna rəğmən azadlığı divarlara yazaraq, küçәlәrdә, meydanlarda bağıraraq tәlәb edәnlәr var. Təqiblərə, həbslərə məruz qalanlar, həyatı ilə risk edənlər var.

Xalq belə fədakarlarına sahib çıxanda millәt olur, milli, fәrdi kimliyә sahib olur.

Son olaylarda qonşu ölkә ilә müqayisәlәr edildi, liderlər axtarılırdı.

Ali tәhsili olmayan, hәrbi formada mitinqә çıxan, militarist bir adama hәsәd aparılırdı…

Ən acınacaqlısı, bəzi jurnalistlərimiz hәrbçilәrin etirazçılara qoşulmağını paylaşıb, sonra da, paylaşımlarına  baxıb içini çәkdi. Çox güman hәrbçilәrimiz dә, jurnalistlәrә baxıb içini çәkdi. Yazarlar alimlәrә, alimlәr isə…

Heç kim özünә baxıb içini çәkmәdi. Düşünülmәdi ki, mәn jurnalistəm, klan mediyasının çörәyini yeyirәm. Mәn aliməm qәpik-quruşla susdurulmuşam.

Adətən cəsarəti olmayan, özünü lider görmәyәn adamlar lider axtarar.

Uğursuzluğunu 2003-ün, digәr peşә sahiblәrinin üstünә yıxar, özünü bәhanәlәrinә, bir tikә çörәyә təslim edənlər bilirsiniz nə etdi?

Sovet ordusunda tankdan yıxılıb, 20 ildir әlil kimi müavinәt alan top kimi bığırburma kişilәr də, 3 dana satıb “hökümәt” işinә düzәlәn savadsızlar da, mal-mülkü dәdәsinin adına keçirib taleyini sosial müavinәtə bağlayanlar da, xirtdәyәcәn rüşvәt içindә üzənlər də,  “xalq elә olar e” dedilər.

Әlbәttә bu gün neft səltənəti olan məmləkətimizdə yaşayış çox aşağı sәviyyәdәdir. Səhiyyə, təhsil acınacaqlı durumdadır. Təəssüf ki, bunun fərqinə varmayan ölkə vətəndaşı isə zәhmәtsiz gələn qәpik-quruşun, müavinətlərin, imtiyazların şirinliyinə aldanıb.

“Bizim millәt…” ilә başlayağan bayağı söhbәtlәrdәn xoşum gәlmir, amma nә etmәli, Bunları demәmәk dә, olmur.

Axı, әziz millәt, bu savadsızlıq, bu Tv-lәr, bu müavinәtlәr, bu rüşvәt, bu talan bizim axırımıza çıxır?!

Axı biz zәhmәtkeş xalqıq.

Zәhmәt çәkib ölkәmizi yenidәn qurmalıyıq.

O qәdәr zәhmәt çәkmәliyik ki, 100 illik fәrqi 10 ilә qapada bilək.

Yoxsa, sivilizasiyamızın әn rezonanslı intibah dövründә tarixin qara arxivindә qalacağıq.

Bu gün bizim başımza gətirilən müsibətləri dünyaya car çəkməsinlər deyə avropalı deputatlara rüşvət olaraq seksual xidmətlər belə təklif olunur…

Avropalılara sussunlar deyə pul-para, ləl-cəvahirat, cinsi xidmət üçün millətin qızları….

Bizə rəva görülən isə, susaraq, mənən ölmək, öz qəhərimizdə boğulmaq…

Bizə qul olmaq, feodal rəiyyəti olmaq təklif olunur.

Bizə orta əsrlərin monarxiyası təklif olunur.

Bizə mütilik təklif olunur.

Təklif isə tələb əsasında formalaşır.

Xalqın gələcəyindən gözlədiyi mütilikdirmi?…

Bundan sonra etiraz etmədən, tələb etmədən, bizə rəva görülən avtoritar rejimə boyun əyməli, monarxa müti qul olmalıyıqmı?

Tələb etmək, etiraz etmək həm də mədəniyyətdir.

 

Bastainfo.com