Əli Həsənov “Fahişələr, kürü və milyonlar” hesabatına münasibət bildirdi

“Gələn qonaqlar ac yola salınmalıdır?”

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov “Qafqazinfo”ya açıqlamasında AŞ PA-da korrupsiya ilə bağlı qəbul olunan və dünya mətbuatında “Fahişələr, kürü və milyonlar” hesabatı kimi xarakterizə edilən sənədə münasibət bildirib.

Əli Həsənov Azərbaycanın həyata keçirdiyi beynəlxal layihələri təbliğ edib, eyni zamanda Ermənistanda narazılıqların baş qaldırmasından danışıb və baş naziri istefaya göndərənlərin “məyyus olduğunu” dilə gətirib. Prezidentin köməkçisi qeyd edib ki, məhz belə bir məqamda “anti-Azərbaycan fəaliyyəti dəfələrlə sübut edilmiş bəzi Qərb QHT-ləri və mediası tərəfindən irəli sürülən subyektiv mülahizələr əsasında AŞPA-da növbəti kampaniyanın başlanması heç də təəccüblü görünmür və təsadüfi xarakter daşımır”.

“Qərbin bir sıra transmilli nəşrlərində xüsusi səhifələr alaraq “araşdırmalarını” dərc edən OCCRP şəbəkəsinin və onun arxasındakı qüvvələrin nə istədiyini anlayırıq” – Əli Həsənov deyb.

Hökumət rəsmisi bildirib ki, Azərbaycan Qərbin qonşu dövlətlərlə bağlı apardığı kampaniyaların, sanksiyaların heç birinə qoşulmur, öz ərazisindən bu və ya digər ölkəyə qarşı platsdarm kimi istifadə edilməsinə imkan vermir. Azərbaycan 1990-cı illərin “demokratiya dalğası”nı onun vasitəsilə cənuba və Mərkəzi Asiyaya ixrac təşəbbüslərinə də isti yanaşmamışdı, bu gün də Böyük Yaxın Şərq, yeni “şiə hilalı” kimi proyektlərdə də yer almır, dost Rusiya, İran və Türkiyə xalqları əleyhinə heç bir sazişdə iştirak etmir. Hərçənd, bununla bağlı yetərincə təşviq, təhrik və təzyiqlər olub və davam edir.

Əli Həsənov AŞ PA deputatlarının milyonlar hesabatına satın alınması ilə bağlı ittihamlara da münasibət bildirib.

“Lobbiçilik Qərb siyasətinin dünyaya tanıtdığı fəaliyyətdir. Qərb ölkələrinin bir çoxunda, məsələn ABŞ-da bu fəaliyyət qanunla tənzimlənir. ABŞ xaricdə həmin məqsədlər üçün ildə 200 milyard dollardan çox vəsait xərcləyir. Avropa İttifaqı “Şərq tərəfdaşlığı” proqramı da daxil olmaqla siyasət, təhsil, QHT sahəsinə aid layihələrə yüz milyonlarla avro sərf edib. Əli Həsənov vurğulayıb ki, Azərbaycan da eyni yolu gedir” – Əli Həsənov deyib.

Əli Həsənov “kürü diplomatiyatısı” və AŞ PA üzvlərinə bahalı xalçaların verilməsi ilə bağlı ittihamlara sualla cavab verib: “Azərbaycan beynəlxalq təşkilatlarla iş aparmamalıdırmı? Gələn qonaqlar ac yola salınmalıdırmı? Onlara ölkəmizin simvolu olan suvenirlərin təqdim edilməsində nə qəbahət var?” 

Buna da bax: “Fahişələr, kürü və milyonlar” – Əliyev rejiminin AŞPA macəraları dünya mətbuatında

Prezidentin köməkçisi Azərbaycanda insan haqlarının durumuna dair qətnamə layihəsinə səs verməmələri müqabilində AŞPA-nın isveçrəli deputatlarına fahişələrin təklif edilməsi ilə bağlı ittihama belə reaksiya verib: “Əgər hər hansı oteldə hansısa xoşagəlməz hadisə baş veribsə, kimsə kiməsə nə isə təklif edibsə, bunda hakimiyyəti ittiham etmək nə dərəcədə düzgündür?”

Əli Həsənov Azərbaycan müxalifətini də dövlətə qarşı çıxmaqda ittiham edib. 

“Biz, bəzi ölkələrin nümunəsinə uyğun olaraq, opponentlərimizdən milli məsələlərdə sağlam düşüncə, obyektiv mövqe gözləyirik. Siz hakimiyyətə qarşı müxalif ola bilərsiniz, amma dövlət və xalqa qarşı müxalifətçilik heç bir dövrdə və heç bir xalqın tarixində təqdir olunmayıb. Görünür, xarici dairələr hakimiyyət opponentlərinin xidmətlərindən yararlanmaqla Azərbaycan dövlətini gözdən salacaq ictimai narazılıq formalaşdırmağa can atırlar. Lakin əminliklə deyə bilərik ki, əvvəllər olduğu kimi, bu süni ajiotaj yaratmaq cəhdi də uğursuzluğa məhkumdur”, – Əli Həsənov deyib.

 

Bastainfo.com