“Kişilikdən danışan hakimiyyət yenə qırmızı xətti keçdi”

Gözəl Bayramlı əfv ərizəsi yazmadığı üçün soyuq kamerada ac-susuz saxlanılıb

AXCP sədrinin müavini Gözəl Bayramlı 1 saylı Kürdəxanı təcridxanasında təzyiqlərə məruz qalıb. Bu barədə onun yaxınları Turana bildiriblər.

Aprelin 28-də G.Bayramlı Gəncə təcridxanasından Kürdəxanıdakı 1 saylı təcridxanaya gətirilib. Orada ondan əfv xahişilə müraciət yazmasını tələb ediblər. O, bundan imtina etdikdən sonra onu soyuq otaqda yerləşdiriblər və 10 saat ac-susuz saxlayıblar. Sonra qadın koloniyasına köçürüblər.

G. Bayramlı ruhdan düşmədiyini, heç bir təzyiqin onu yolundan döndərə bilməyəcəyini söyləyib.
Penitensiar Xidmətin ictmaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov G.Bayramlıya təzyiqlərin olması barədə məlumatı təkzib edərək “əsassız” adlandırıb.

Müsavat Partiyasının mətbuat xidməti məsələ ilə əlaqədar açıqlama yayıb. 

“Gözəl Bayramlının əfv ərizəsi yazmadığı üçün təzyiqlərə məruz qalması, onun soyuq həbsxana kamerasında ac-susuz saxlanması işgəncənin bir növüdür. Gözəl Bayramlı şərlənərək həbs olunub. Əfv ərizəsini o yox, onu şərləyənlər, bu sifarişi verənlər yazmalıdır. Kişilikdən və mənəviyyatdan danışan hakimiyyət növbəti dəfə qırmızı xətti keçib. Buna son qoyulmasını, günahkarların cəzalandırılmasını, Gözəl Bayramlının və bütün siyasi məhbusların həbsdən azad olunmasını tələb edirik”, – açıqlamada deyilir. 

 

Bastainfo.com