Əli Həsənov hakimiyyətin Putinpərəst siyasətinə don geyindirir

Rusiya, Türkiyə İrana qarşı Qərbin sanksiyalarında iştirak məqsədilə Bakıya göstərilən təzyiqin nəticəsi olmayacaq. Bu barədə dövlət başçısının köməkçisi Əli Həsənov bildirib.

O, Facebook səhifəsində yazıb ki, bu məsələ ilə bağlı Azərbaycana təzyiq var.

“Azərbaycan Qərbin sanksiyalarına qoşulmayacaq və ərazisindən başqa ölkələrə qarşı əməliyyat meydanı kimi istifadə olunmasına imkan verməyəcək. Azərbaycan Rusiya, İran və Türkiyənin dost xalqlarına qarşı sanksiyalarda iştirak etmir”, deyə o qeyd edib.

Həsənov hansı sanksiyalardan söhbət getdiyini, bununla bağlı kimin və nə vaxt Bakıya təzyiq göstərdiyini dəqiqləşdirməyib.

Siyasi ekspertlər hesab edir ki, Əli Həsənov Əliyev hakimiyyətinin Rusiya prezidenti Vladimir Putinin maraqlarına uyğunlaşdırılan mövqeyinə, bəlkə də birbaşa Kremlin diqtəsi ilə atılan addımlara qeostrateji don geyindirməyə çalışıb.

Əli Həsənovun Rusiya və İranla yanaşı, Türkiyənin adını çəkməsi sadəcə ictimai rəyin manipulyasiyası kimi qiymətləndirilir. Çünki, Qərb Türkiyəyə qarşı hər hansı sanksiya tətbiq etməyib. Əksinə, Avropa Birliyi Türkiyə ilə danışıqları bərpa edib və əməkdaşlığa can atdığını büruzə verib. Türkiyə ərazisində Rusiya bombardmançısının vurulması ilə əlaqədar yaranan insidentdə də Qərb Türkiyənin mövqeyini birmənalı müdafiə edib. Türkiyə-Qərb münasibətlərində olan qərginlik isə əsasən Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın davamlı olaraq irəli sürdüyü ittihamlara görə yaranıb.  

Qeyd edilməlidir ki, İrana qarşı əvvəlki sanksiyalar da aradan qaldırılıb. Qərbin Rusiya ilə bağlı sanksiyaları isə xalqa qarşı yox, Putin rejiminə qarşı yönəlib. Məlumdur ki, sanksiyaya məruz qalan bütün məmurlar və oliqarxlar Vladimir Putinin yaxın ətrafına daxil olan şəxslərdir.   

Təhlilçilərin fikrincə, hazırda Putinlə Ərdoğanı birləşdirən yeganə amil hər ikisinin əbədi və misilsiz hakimiyyət arzusunda olmasıdır. Hakimiyyətin bölünməsi və uzağı iki dönəmdən sonra dəyişməsi demokratiyanın əsas şərtidir,  əgər Rusiya və Türkiyədə demokratik rejim bərqərar olarsa, əbədi və misilsiz hakimiyyət arzularının üzərindən xətt çəkiləcək. Bu səbəbdən Ərdoğanın Türkiyəni müdafiə edən sivil dünya ilə yox, strateji maraqları Türkiyə ilə daban-dabana zidd olan Putin rejimi ilə yaxınlaşması təəccüblü deyil. Azərbaycanda qısa fasilələrlə 50 ilə yaxın öz hakimiyyətlərini sürdürən Əliyev rejiminin də demokratiya ixrac edən Qərbin yox, bütün despotik rejimlərin müdafiəçisi kimi çıxış edən Putinin maraqlarına uyğun siyasət yürütməsinin motivi eynidir. 

Картинки по запросу putin erdogan aliyev

Bütün dünyanın diqqət mərkəzində olan Skripal qalmaqalında Azərbaycan,  Əli Həsənovun iddia etdiyi kimi, neytral mövqe tutmayıb – birbaşa Kremlin mövqeyini dəstəkləyib və uduzub. Xatırladaq ki, Kimyəvi Silahların Qadağanı Təşkilatının (Organization for the Prohibition of Chemical Weapons – OPCW) aprelin 4-də keçirilən iclasında keçmiş Rusiya casusu Sergey Skripalın İngiltərədə zəhərlənməsinə dair müzakirə keçirilirdi.

41 ölkə arasında Rusiyanın təşəbbüsünü yalnız Çin, Azərbaycan, Sudan, Əlcəzair və İran müdafiə ediblər.

Təşkilatın 17 üzvü səsvermə zamanı bitərəf qalıb. Səsvermədə 41 ölkənin nümayəndələri iştirak etsə də Rusiyanın təklifi keçməyib.

Buna da bax: Azərbaycan Skripal qalmaqalında Rusiyanın tərəfində durdu

Əli Həsənov deyir ki, Azərbaycana bu məsələ ilə bağlı təzyiq var. İstisna deyil ki, Azərbaycan məhz Kremlin təzyiqi ilə Putinlə eyni mövqedən çıxış edir. 

Mustafa Hacıbəyli

Bastainfo.com