Pashinian Dağlıq Qarabağ münaqişəsinə yanaşmasını təqdim edib

Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində hər hansı kompromis yalnız o halda müzakirəyə çıxarıla bilər ki, Azərbaycan Dağlıq Qarabağ xalqının öz müqəddəratımı təyin etmə hüququnu tanımağa hazır olduğunu bildirsin. Bunu mayın 1-də Ermənistan parlamentində çıxış edən baş nazirliyə namizəd, müxalif Yelk fraksiyasının rəhbəri Nikol Pashinian deyib.

“Tsarukian” fraksiyasından deputat Tigran Urikhanian ondan Dağlıq Qarabağ probleminin həllinə yanaşması barədə soruşub.

Azərbaycanın erməni dövlətçiliyini məhv etməklə hədələdiyi bir mühitdə kompromis haqda danışmaq bir az qəribədir. Bu şəraitdə biz yalnız dövlətin özünümüdafiəsini gücləndirməkdən danışa bilərik. Hər hansı kompromis yalnız o halda müzakirəyə çıxarıla bilər ki, Azərbaycan Dağlıq Qarabağ xalqının öz müqəddəratımı təyinetmə hüququnu tanımağa hazır olmasını aydın şəkildə bildirsin. Başqa variant yoxdur”, – Pashinian deyib.

XATIRLATMA

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Minsk qrupu tərəflərə indiyə kimi, əsasən, üç təklif verib. Münaqişənin paket həlli, münaqişənin mərhələli həlli və «Ümumu dövlət» konsepsiyası. Birinci varianta görə, işğal edilən ərazilərlə status məsələsi paket həll edilməlidir. İkinci variantda isə əvvəlcə ərazilər boşaldılmalı, sonra isə statusa baxılmalıdır. Üçüncü variantda münaqişə zonasında ümumi dövlətin yaradılmasından söhbət gedir. Azərbaycan münaqişənin mərhələli həllinə tərəfdardır. Bu variantlardan heç biri qəbul edilməyib

Daha sonra həmsədrlər əvvəlki üç varianta söykənən «Madrid prinsipləri»ni təklif ediblər.

 

AzadlıqRadiosu