Avropa Məhkəməsində Azərbaycan tıxacı

Siyasi həbslər və işgəncələrlə bağlı onlarla şikayət üzrə kommunikasiya başladı

Avropa İnsan Haqları Məhkəməsi Elçin Həsənov və daha 13 nəfər Azərbaycana qarşı şikayəti üzrə kommunikasiya başlayıb.

Bu haqda vəkil Fariz Namazlı məlumat yayıb.

Bu şikayətçilər gənc fəallar Elçin Həsənov, Bəxtiyar Hacıyev, Nardaran məhbusları Zakir Mustafayev, Abbas Hüseynov, Taleh Bağırov, Şamil Abdullayev, Əlibala Vəliyev, Rasim Cəbrayılov, Ramin Yarıyev, Abbas Quliyev, Əli Nuriyev, siyasi məhbus Fikrət İbişbəyli, həmçinin Aslan İsmayılov və Vüqar Abışodur. Bu şəxslər polis əməkdaşları tərəfindən işgəncəyə, qeyri-insani rəftara məruz qalması ilə bağlı şikayətlərinin lazımi qaydada araşdırılmadığından şikayətçidirlər. Avropa Məhkəməsi Azərbaycan Hökümətinə Konvensiyanın 3 (işgəncəyə məruz qalmamaq hüququ) maddəsi, 13 (səmərəli müdafiə vasitələri hüququ), bəzi şikayətlər üzrə 10-cu (ifadə azadlığı) və 34 (fərdi şikayətlər vermək) maddələrin pozuntusunun olub-olmaması ilə bağlı sallar ünvanlayıb. Nardaran məhbusları ilə bağlı Azərbaycan hökümətinə göndərilən suallar 26 noyabr 2015-ci ildə keçirilən əməliyyatın qanuni şəkildə olub-olmaması, həbs edilənlərin BMCMİ-yə aparılma şərtləri, onların həkim yardımından istifadə edilməsinə şərait yaradılıb yaradılmaması ilə bağlıdır.

Avropa Məhkəməsi həmçinin İbrahimov və daha 2 nəfərin şikayəti üzrə kommunikasiya başlayıb. Avropa Məhkəməsi Qiyas İbrahimov, Bayram Məmmədov və Elgiz Qəhrəmanın işgəncəyə, qeyri insani rəftara məruz qalması, həmçinin barəsində həbs qətimkan tədbirinin seçilməsinin qanunsuzluğu ilə bağlı şikayəti üzrə Konvensiyanın 3-cü, 5-ci və 13-cü maddəsinin, həmçinin Q. İbrahimov və B. Məmmədovun işi üzrə Konvensiyanın həm də 8 (mənzilə hörmət hüququ) və 18 (hüquqların siyasi məqsədlər üçün pozuntusu) maddəsinin pozuntusu ilə bağlı Azərbaycan hökümətinə suallar ünvanlayıb.

Avropa Məhkəməsi həmçinin Jabbar Savalanlının, Fərəc və Sirac Kərimlinin, Murad Adilovun barəsində seçilmiş həbs qətimkan tədbirinin qanunsuzluğu ilə bağlı verdikləri şikayətlər üzrə kommunikasiya başlayıb və Azərbaycan hökümətinə Konvensiyanın 5, 6.2 (təqsirsizlik prezumpsiyası) və 18-ci maddələrinin pozulub-pozulmaması ilə bağlı suallar ünvanlayıb.

 

Bastainfo.com