Azərbaycan Maltanı necə “yolur” – Aaraşdırma

ARDNŞ-nin maliyyə maxinasiyaları haqda öldürülən jurnalist Dəfnə Karuanaya ötürülən materiallar ortaya çıxdı 

Əldə edilən faylların təhlili göstərir ki, Maltanın vergi ödəyiciləri Azərbaycanla enerji razılaşmasına görə ildə on milyonlarla dollar itirir.

Bu məlumatlar ötən ilin oktyabr ayında öz avtomobilində quraşdırılmış bombanın işə düşməsi nəticəsində öldürülən Maltalı araşdırmaçı jurnalist Dəfnə Karuana Galiziaya ötürülüb.

O, ölümündən əvvəl bu araşdırmalarını başa çatdırıb dərc edə bilməyib. Ancaq sızan materiallar daha sonra Dəfnə Layihəsi çərçivəsində paylaşılıb və araşdırma başa çatdırılıb. Araşdırmaya 15 ölkədən olan 18 media orqanının, o cümlədən  Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika Layihəsinin (OCCRP) və “Guardian” qəzetinin təmsilçiləri də daxil olmaqla, 45 araşdırmaçı-jurnalist səfərbər edilib. 

Londonda enerji üzrə üç mütəxəssis Malta Baş naziri Josef Muskatın indiyə qədər dərc etmədiyi faylları – qiymətlər haqqında məlumatları araşdırıb.

Söhbət təxminən 1 milyard avro dəyərində olan bir müqavilədən gedir. Bu müqaviləyə əsasən, Malta Azərbaycan Dövlət Neft  Şirkətindən növbəti 10 il ərzində sıxılmış təbii qaz almağı öhdəsinə götürür. 

Bunu adının çəkilməməsi şərtilə şərh etməyə razılaşmış mütəxəssis qeyd edir ki, Malta “ziyanın yarısından geri qayıtmalı” bu müqaviləyə yenidən baxmalıdır. 

Müqavilə 2015-ci ildə imzalanıb və təchizat ötən ilin aprelindən başlayıb. O vaxtdan bəri, 2018-ci ilin mart ayının sonuna qədər Malta ARDNŞ-yə qaza görə ən azı 131,6 milyon avro (153 milyon ABŞ dolları) ödəyib.

ARDNŞ Azərbaycana hökumətinə məxsusdur. Beynəlxalq insan haqları təşkilatları və digər müstəqil müşahidəçilər Azərbaycan hökumətini kütləvi korrupsiya, jurnalistləri həbs etmək və siyasi opponentlərinə təzyiq etməkdə  günahlandırır. Prezident Əliyevin rəhbərlik etdiyi hökumətin sözçüləri bu ittihamları “qərəzli, əsassız və təxribatçı” adlandıraraq rədd edir.

Dəfnə Layihəsi çərçivəsində Azərbaycanın hakim ailənin milyonlarla dollarlıq gəlirli investisiyalar üçün Malta bankından istifadə etdiyini artıq ortaya qoyulub.

Azərbaycan əsas neft və qaz istehsalçısı olsa da, müqavilənin imzalandığı sıxılmış təbii qaz istehsal etməyib və satmayıb. Əslində, ARDNŞ öz qazı ilə hətta öz ölkəsinin ehtiyaclarını tam təmin etmir. Bununla belə, Azərbaycan nəhəng neft şirkəti olan “Shell”dən aldığı qazı Maltaya satır.

ARDNŞ əslində qazı istehsal etmir, nəqlini təşkil etmir, amma hər hansı müdaxiləsi olmadan gəlir qazanır.

Oksford Enerji Tədqiqatları İnstitutunun baş elmi işçisi Simon Pirani bunu belə şərh edib:  “Malta vergi ödəyicisi olsaydım, belə bir soyğunçu müqavilənin nə üçün imzalandığını bilmək istərdim”.

İndiyə qədər Maltanın vergi ödəyiciləri bu müqavilədən ARDNŞ-nin nə qədər mənfəət əldə etdiyindən xəbərsiz olublar. Çünki Malta hökuməti qaz müqavilələrini redaktə olunmuş şəkildə dərc edib.

Ötürülən sənədlər arasında bu müqavilələrin orijinaları var. Sənədlər göstərir ki, ARDNŞ təbii qazı “Shell”dən  gündəlik bazar qiymətləri ilə alsa da, onu Maltaya əvvəlcədən razılaşdırılmış sabit qiymətə satır.

2014 və 2016 illərdə neft və qaz qiymətləri aşağı düşüb. Təbii qazın dəyəri hələ də sabit qiymətdən aşağıdadır. Malta isə imzaladığı müqaviləyə görə daha baha qiyməti ödəməyə borcludur.

Maltanın vergi ödəyicilərinin itirdiyi odur ki, razılaşdırılmış sabit qiymət qazın bazar qiymətin təqribən iki dəfə bahadır. Müqaviləyə görə isə Azərbaycan Maltaya sabit qiymət üzrə qaz nəqli hələ 5 il davam edəcək. 

Hesablamalara görə, müqavilənin ilk ilində Azərbaycan “Shel” şirkətinə Maltadan aldığından 40 milyon avro az pul ödəyib. 

Əgər Malta qazı birbaşa “Shell”dən və SOKAR-ın ödədiyi qiymətlərlə alsaydı, təkcə bir ildə on milyonlarla dollara qənaət etmiş olardı. 

Sazişə əsasən Malta SOCAR qarşısında qazı hər MMBtu-ya görə (Million British thermal units – milyon Britaniya istilik vahidinin) 9,4 avro (11,50 ABŞ dolları) qiymətilə alacağı barədə öhdəlik götürüb. 

Qaz təchizatı 2017-ci ilin aprel ayında başlayıb və bu müddətdə Avropada qazın qiyməti əsasən 6,18 dollar təşil edib, bu isə müqavilədə əks olunan qiymətin təqribəbn yarısı qədərdir.  

Malta il ərzində bu saziş çərçivəsində SOCAR-dan 14 milyon MMBtu qaz alır. Son ilin valyuta məzənnələri də nəzərə alınmaqla, Malta bu müddət ərzində SOCARA 153 milyon dollara yaxın pul ödəyib.   

Lakin hesablamalar göstərir ki, SOCAR bir il ərzində “Shell”ə maksimum 113 milyon dollar ödəyib. Bu, SOCAR-ın bir ərzində həmin sazişdən 40 milyon dollar mənfəət əldə etməsi deməkdir.

Şirkət konfidensiallıq şərtlərini əsas gətirərək, qiymət fərqi ilə bağlı sualı cavablandırmaqdan imtina edib.

Müxalifətdə olan siyasətçilər bildirir ki, müqavilə imzalanarkən onun şərtlərinin Malta vergi ödəyiciləri üçün əlverişli olub-olmadığını və hökumətin hansı mövqe tutmalı olduğunu müzakirə etmək üçün imkan yaranmayıb. Çünki, bu qaz sazişinə dair hər hansı rəsmi tender elan edilməyib. 

Hökumət sazişi imzalandıqdan yalnız iki il sonra, özü də sənədin əsas hissələrini ixtisara salaraq dərc edib…

OCCRP-nin araşdırmasında Malta vergi ödəyicilərinin “yolunmasına” hesablanan  müəmmalı saziş əsasında “Shell” şirkətinə məxsus olan sıxılmış təbii qazın Azərbaycan adından bu ölkəyə nəql marşrutu da təqdim edilib. Və məlub ki, bu marşrutda Azərbaycanın heç bir izi yoxdur.

 

Bastainfo.com