Azərbaycanda vəkillərin sayı minə çatır

“Azərbaycanda orta hesabla hər 10 min nəfərə bir vəkil düşür”. Bu barədə Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirib.

Onun sözlərinə görə, artıq vəkillərin sayı hər ay yüz nəfərə qədər artacaq və yaxın günlərdə Vəkillər Kollegiyasının üzvlərinin sayı 1000 nəfəri ötəcək.

A.Bağırov deyib ki, vəkilliyə qəbul müddətsiz aparılacaq, yəni, tələblərə cavab verən istənilən namizəd sənədlərini təqdim edəcək, müəyyən sayda müraciətlər olduqdan sonra onlar test imtahanından keçiriləcək.

Kollegiya sədri vəkillərlə KİV-in təması məsələsinə də toxunub.

“İstənilən vəkil mətbuata qanun çərçivəsində açıqlama verə bilər. Biz heç bir vəkilə qadağa qoya bilmərik. Ölkədə 1000 nəfərdən çox vəkil var. Onlara necə qadağa qoya bilərik? Sadəcə biz vəkillərə tövsiyə etmişik ki, mətbuata açıqlama verərkən vəkillik sirrini yaymasınlar. Bu prinsiplərə riayət edən vəkillər istənilən məlumatı yaya bilər. Kollegiyanın məqsədi odur ki, vəkillər “Vəkillik fəaliyyəti haqqında” Qanunun tələblərinə riayət etsinlər, vəkil sirrini yaymasınlar, üzərlərinə düşən vəzivələri düzgün yerinə yetirsinlər”, o qeyd edib.

2017-ci il sentyabrın 1-də Azərbaycan əhalisinin sayı 9,9 milyon nəfər olub. Vəkillər Kollegiyasının 934 üzvü var idi. Orta hesabla ölkədə 10 min nəfərə 1 vəkil düşür. Bu Avropada ən aşağı göstəricidir.

Yerli medianın yazdığına görə, vəkillərin yeddi yüzdən çoxu paytaxt Bakıda fəaliyyət göstərir.

Ölkə məhkəmələrində il ərzində orta hesabla 350-400 min məsələ mübahisələndirilir.

Bir çox ekspertlər son illər müstəqil vəkillər vəkillik fəaliyyətinin dayandırıldığını bildirir. Belə ki, hüquq müdafiəçiləri tərəfindən “siyasi məhbus” kimi tanınan bir neçə vəkil hakimlərin, prokurorların Vəkillər Kollegiyasına təqdimatı ilə vəkillikdən kənarlaşdırılıb və ya müvəqqəti olaraq fəaliyyətləti dayandırlıb. Bu vəkillər Əlaif Həsənov, Xalid Bağırov, Yalçın İmanov, Nemət Kərimli, Fəxrəddin Mehdiyev, Elçin Namazov, Əsabəli Mustafayev, Namizəd Səfərov və digərləridir.

 

Amerikanın Səsi