Türkiyədə Ərdoğana qarşı böyük ittifaq qurulur – Şərh

Türkiyədə AKP və MHP-yə qarşı müxalifət partiyalarının ittifaqı rəsmiləşmək üzrədir. 

CHP, İyi Partiya, Səadət Partiyası və Demokrat Partiyası bununla bağlı razılığa gəliblər.

Bu partiyalar iyunun 4-də keçiriləcək həm prezident, həm parlament seçkilərində əməkdaşlıq edəcəklər. 

Parlament seçkilərində bəzi seçki dairələrində ortaq namizədlərin irəli sürülməsi ilə bağlı protokol bu gün, mayın 2-də partiya sədrlərinə təqdim olunacaq.  

Parlament seçkilərində CHP, Səadət Partiyası və İyi Partiya öz siyahısı ilə iştirak edəcək. Demokrat Partiyasının namizədləri isə İyi Partiyanın siyahısında yer alacaqlar. Bundan başqa DSP-nin və baraj problemi olan digər partiyaların təmsilçilərinin CHP-nin və Səadət Partiyasının siyahısında yer alacaqları gözlənilir.

Bu dörd partiya parlamentdə mandatların yarıdan çoxuna sahib çıxmağı hədəfə alıb.

Prezident seçkilərinə gəlincə, bu partiyaların hər biri öz namizədləri ilə iştirak edəcək. Seçkilərin ilk turunda namizədlərdən heç birinin 50 faiz +1 səs yığmayacağı təqdirdə, ikinci tura qalmış müxalifətçi namizədi hamılıqla dəstəkləyəcəklər. 

Türkiyədə keçirilən sosioloji sorğular ikinci tur ehtimalının yüksək olduğunu demək üçün əsas verir. Sorğular AKP və MHP-nin reytinqinin 48 faizdən aşağı olduğunu göstərir. 

Türkiyə Yüksək Seçim Kurulunun (YSK) təsdiq etdiyi  təqvimə əsasən, prezidentliyə namizədlərin rəsmən irəli sürülməsi mayın 4-dən 9-dək davam edəcək. 

Ana müxalifət partiyası olan CHP-nin prezidentliyə namizədinin adı cümə günü – mayın 4-də Ankarada düzənlənəcək böyük bir toplantıda açıqlanacaq. Böyük ehtimalla CHP-nin namizədi son illərdə Türkiyədə demokratik mübarizənin önündə gedən Kamal Kılıcdaroğlu olacaq. 

İyi Partiya isə artıq Meral Akşenerin namizədliyini irəli sürüb və o, Türkiyənin müxtəlif şəhərlərində izdihamlı mitinqlər keçirməkdədir. 

Müxalifətin 4-lü ittifaqına daxil olmayan HDP də mayın 4-də Diyarbəkirdə təşkil ediləcək böyük toplantıda Selahattin Demirtaşın namizədliyini irəli sürəcək. Demirtaş artıq 18 aydır ki, həbsdədir, lakin onun barəsində hələlik məhkəmə qərarı olmadığından, namizədliyinin irəli sürülməsinə hüquqi əngəl yoxdur. Kürd seçicilərin səsinə güvənən bu partiya seçkilərdə səslərin 15 faizini yığmağı hədəfə alıb.

Türkiyə mətbuatının yazdığına görə, AKP lideri Rəcəb Tayyib Ərdoğan publik çıxışlarında “müxalifəti səslərimizlə sandığa göməcəyik” (basdıracayıq) məzmunlu nikbin və aqresiv bəyanatlar versə də, növbədənkənar seçkilərin nəticələrindən narahatçılığını büruzə verib. “Cumhuriyyet” qəzetinin verdiyi məlumata görə, AKP Türkiyə Böyük Millət Məclisinə seçicilərin şirnikləndirilməsinə hesablanmış “iqtisadi paket” təqdim edib. Layihədə əməklilərə birdəfəlik 1000 lirə yardım edilməsi, vergi və təhsil cərimələrinin bağışlanması kimi müddəalar əks olunub.

İstənilən halda seçkilər ciddi rəqabət şəraitində keçiriləcək. Baş kürsüyə iddialılar arasında həm qadın namizədin, həm də məhbus namizədin yer alması isə Türkiyə tarixində bir ilk olacaq.

 

Mustafa Hacıbəyli

Bastainfo.com