Müsavat söz azadlığına sadiq qalan jurnalistləri təbrik edir

Müsavat Partiyası müstəqil, azad mətbuat prinsiplərinə sadiq olan bütün mətbuat orqanları nümayəndələrini, söz və ifadə azadlığı uğrunda apardıqları mübarizəyə görə indi həbsdə olan jurnalistləri Beynəlxalq Söz və Mətbuat Azadlığı Günü münasibəti ilə təbrik edir, onlara şəxsi həyatlarında xoşbəxtlik, peşə fəaliyyətlərində uğurlar arzulayır.

Müsavat Partiyası ölkəmizdə mətbuatın düşdüyü durumun dözülməz olduğunu qeyd edir, hər zaman olduğu kimi bundan sonra da müstəqil mətbuatla yaxından əməkdaşlıq edəcəyini, peşə fəaliyyətinə görə təqib və təzyiqə məruz qalan, şərlənərək həbs edilən hər bir jurnalistin haqqları uğrunda sona qədər mübarizə aparacağını bir daha bəyan edir.

Müsavat Partiyası mətbuat azadlığı indeksinə görə ölkəmizi ən sonuncu yerlərə gətirib çıxaran mövcud hakimiyyətdən vətəndaşlırın söz və ifadə azadlığının təmin edilməsini, həbsdə olan jurnalistləri, digər siyasi məhbusları dərhal azadlığa buraxılmasını tələb edir.

 

Bastainfo.com