Avropa İnsan Haqları Məhkəməsi 20 şikayət üzrə qərarını elan edib

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) bu gün, mayın 3-də Azərbaycandan göndərilən 20 şikayət üzrə qərarını elan edib.

AzadlıqRadiosu-nun bildirdiyinə görə, onların hamısı Azərbaycanda daxili məhkəmələrin qərarlarının icra edilməməsi şikayəti ilə bağlıdır. Şikayətçilər fiziki və hüquqi şəxslərdir.

Bəhs edilən işlər üzrə AİHM-ə şikayətlərdə vurğulanıb ki, daxili məhkəmələrdə onların Avropa Konvensiyasının 6-cı (Ədalətli məhkəmə araşdırması) maddəsində və Konvensiyanın 1 saylı Protokolun 1-ci (Mülkiyyət ) maddəsində təminat altına alınan hüquqları pozulub.

AİHM şikayətlərin hamısını, əsasən, təmin edib.

Bildirilir ki, işlərə baxılarkən, Azərbaycan hökuməti təklif edib ki, təzminatı ödəmək qarşılığında şikayətlər siyahıdan çıxarılsın, qərar qəbul edilməsin. Ancaq hökumətin təklifinin rədd etdiyi açıqlanıb.

Qərara əsasən, Azərbaycan hökuməti şikayətçilərə ümumilikdə 65072 avro verməlidir.

Hökumət 13 şikayətçiyə – M.Rəmixanov, R.Abdullayev, S.Sadixov, R.Süleymanov, N.Bəybalayev, G.Bədirov, Ə.Manafov, F.Cafarova, M.Abbasov, A.Quliyeva, A.Əlizadə, A.Binnətova və M.Məmmədovanın hər birinə mənəvi zərərə görə 3600 avro (cəmi 46800 avro) ödəməlidir.

Mənəvi zərərə görə, «Halal» şirkətinə 1200, Ş.Rzayevə 900, A.Qasımova 4 min 700, Q.Əliyevə 2 min 100, B.Rüstəmova 1500, N.Həsənova isə 1800 avro çatdırılmalıdır.

Şikayətçilərdən K.Əsgərova maddi zərərə görə 1872 avro, mənəvi zərərə görə isə 1800 avro ödənilməlidir.

Hökumət bundan əlavə, bütün işlər üzrə hüquq məsrəflərindən ötrü ümumilikdə 2400 avro verməlidir.

 

Bastainfo.com