Avropa İttifaqı-Azərbaycan Biznes Forumu keçiriləcək

İyunun 5-də Bakıda Aİ-Azərbaycan Biznes Forumu keçiriləcək.

Avropa İttifaqının Bakı nümayəndəliyinin məlumatında deyilir ki, forum Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi, Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK) və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) birgə əməkdaşlığı ilə keçiriləcək.

Biznes Forum Azərbaycanın iqtisadi islahatları ilə bağlı yeni perspektivləri təqdim edəcək, biznes liderləri, investorlar, hökumət nümayəndələri və siyasət formalaşdıran digər şəxslərdən ibarət təxminən 500 yüksək səviyyəli nümayəndələri bir araya gətirəcək. İştirakçıları mövcud biznes imkanları və çətinliklər barədə dialoqa cəlb etmək məqsədilə mühüm sektorlardan olan Kənd Təsərrüfatı və Qida, Tikinti və Maşınqayırma, Nəqliyyat və Logistika, İKT və Elektron Ticarət sahələri ilə bağlı panel müzakirələri təşkil olunacaq.

Avropa İttifaqının Azərbaycandakı səfiri Kestutis Jankauskas hər il keçirilən Biznes Forumun məqsədi ilə bağlı qeyd edib.

“Son illərdə Azərbaycan hökuməti iqtisadi islahatların həyata keçirilməsində mühüm nailiyyətlər əldə edir. Biznes Forum bu nailiyyətlərə və hələ də mövcud olan çətinliklərə nəzər yetirilməsi, Aİ və Azərbaycandan olan bütün maraqlı tərəflərin fikir və təcrübələrinin paylaşılması və yeni biznes əlaqələrinin yaradılması üçün unikal imkanlar təqdim edir”, o qeyd edib.

 

Amerikanın Səsi