CHP-dən İncə gediş

Türkiyənin ana müxalifət partiyası olan CHP millət vəkili Məhərrəm İncənin prezidentliyə namizədliyini irəli sürüb.

DHA xəbər verir ki, Ankarada Əhməd Taner Kışlalı idman salonunda təşkil edilən mərasimdə çıxış edən partiya başqanı Kamal Kılıçdaroğlu, “Köhnə bir müəllim yeni bir siyasətçi, hörmətli Məhərrəm İncə gəl görək buraya” deyərək Məhərrəm İncəni səhnəyə çağırıb və onun prezidentliyə namizədliyini irəli sürüb.

Kılıçdaroğlu Türkiyədə iyunun 24-də keçiriləcək prezident seçkilərində demokratik qüvvələrin qələbə çalacağına inandığını bildirib. 

“25 iyunda Türkiyənin bütün dağlarında çiçəklər açacaq, bunu inanaraq deyirəm”, – Kılıçdaroğlu vurğulayıb.

Qeyd edək ki, dünən hakim AKP-nin lideri Rəcəb Tayib Ərdoğanın prezidentliyə namizədliyi irəli sürülüb. Daha öncə müxalifətçi İyi partiyanın lideri Meral Akşener prezidentliyə namizədliyini açıqlayıb və müxtəlif şəhərələrdə mitinqlərə başlayıb.  

Rəy sorğularında AKP-nin reytinqi digər partiyalardan üstün olsa da, Ərdoğanın ilk turda seçilmək üçün lazım olan 50 faiz+1 səs toplayacağı şübhə doğurur.

Kamal Kılıcdaroğlunun təşəbbüsü ilə Türkiyənin 4 müxalifət partiyası – CHP, İyi Partiya, Səadət partiyası və Demokrat partiyası iyunun 24-də keçirilən seçkilərdə əməkdaşlıq etmək barədə razılığa gəliblər. Razılığa əsasən, bu partiyalar parlament seçkilərində mümkün olan dairələrdə ortaq namizədlərlə çıxış edəcək, prezident seçkilərində hər partiyanın öz namizədi ilə iştirak etməsinə rəğmən, ikinci tura qalan müxalifətçi namizədi hamılıqla dəstəkləyəcəklər.

 

Bastainfo.com