Cümhuriyyət 100: Açıq şahmat turnirinin qalibləri bəlli oldu

Müsavat Partiyasının təşkilatçılığı və Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan açıq şahmat turnirinin qalibləri bəlli olub.

9 oyundan 8,5 xal toplamış Ramis Bağırov turnirin qalibi olub.

Ramis Bağırov bitərəfdir. 1958-ci ildə anadan olub. Əslən Laçınlıdır. Moskvada ali təhsil alıb.  Babək rayonunda Şahmat Məktəbinin direktoru olub.  Ötən illərdə Şəhriyar Məmmədyarov, Teymur Rəcəbli kimi məşhur qroysmeysterlərimizlə şahmat oynayıb. 

Turnirdə ikinci yeri Emin Kazımlı tutub. Emin müsavatçı Ağa Kazımlının oğludur.

Yarış cədvəlinin 3-cü pilləsini isə VHP üzvü Murad Rüstəmxanlı tutub.

Onunla eyni sayda xal toplayan Rövşən Fətiyev İsveçrə sistemi üzrə proqramın hesablamasında Berqer Əmsalı ilə (turnirdə ön yer tutanlardan daha çox xal toplama) 4-cü yerə çıxıb.

Qeyd edək ki, turnirdə 29 nəfər iştirak edib. Onların arasında bitərəflərlə yanaşı, müsavatçılar, Real və VHP-nin üzvləri də olub. 

Turnirin təşkilat komitəsinin sədri Mustafa Hacıbəyli bildirib ki, turnirin qaliblərinə və iştirakçılarına mayın 28-də saat 12:00-da Novxanıda Məhəmməd Əmin Rəsulzadənin abidəsi önündəki bayram tədbirində mükafatlar təqdim olunacaq. 

Bastainfo.com