AŞPA-nın korrupsiyaya bulaşmış deputatları cəzalandırılsın”

Avropa hökumətləri adları korrupsiya qalmaqalında çəkilmiş AŞPA üzvlərinə qarşı sanksiyalar tələb edirlər. İki həftə öncə açıqlanmış hesabat Avropa Şurası Parlament Assambleyasının bəzi üzvlərinin Azərbaycanda insan haqları pozuntularına göz yummaq üçün rüşvət aldığını üzə çıxarmışdı.

DƏRHAL TƏDBİR GÖRÜLMƏSƏ…

“The New York Times” qəzetində Raphael Minder yazır ki, cümə günü – mayın 4-də AŞPA prezidenti Michele Nicoletti-yə bu haqda məktub göndərilib. Məktub müəllifi – Danimarkanın xarici işlər naziri, şuranın Nazirlər Komitəsinin sədri Anders Samuelsen korrupsiya qalmaqalını “çox narahatedici” adlandırıb, AŞPA-nı “dərhal və qətiyyətlə” hərəkət etməyə çağırıb.

AŞPA-nın keçmiş prezidenti Pedro Agramunt da daxil olmaqla bəzi deputatlar Azərbaycandan pul, zinət əşyaları, fahişələr, bahalı otellərdə qalmağı qəbul etməkdə suçlanırlar.

Anders Samuelsen

“The New York Times”ın əməkdaşı məktubu görüb. Cənab Samuelsen AŞPA-nın hesabatda adları çəkilən rəsmilərin cəzalanmasını niyə yubatdığını sual edir.

Azsaylı deputatın diqqəti həmin hesabatdan sapdırmağa çalışması sarıdan narahatlığa əsas var”, – yazan Samuelson xəbərdarlıq edir ki, AŞPA dərhal tədbir görməsə, Avropa nazirləri “uyğun addımları nəzərdən keçirəcək”.

Müəllifin fikrincə, bu qalmaqal Avropa Şurasının nüfuzundan ötrü ən böyük sınaqlardan biridir. Onsuz da Azərbaycanın bu quruma üzvlüyündən necə istifadə etməsiylə bağlı narahatlıq vardı. Hələ 2012-ci ildə Berlində mənzillənən Avropa Sabitlik Təşəbbüsü Azərbaycan hökumətinə bağlı rəsmilərin və lobbiçilərin assambleyanın siyasətinə qanunsuz yolla necə təsir etdiyini araşdırmışdı. Hazırlanmış hesabat “Kürü diplomatiyası: Azərbaycan Avropa Şurasını necə susdurdu” adlanırdı. Ancaq onda hakimiyyət təmsilçiləri bu iddiaları təkzib elədi.

Azərbaycan Avropa Şurasına 2001-ci ildə üzv olub.

AGRAMUNT DİQQƏT MƏRKƏZİNDƏ

Cənab Samuelsen məktubunda Agramunt-un işini özəlliklə qabardır. 66 yaşlı Agramunt isə ötən həftə ispan radiosuna müsahibəsində deyib ki, Ukraynadan bir deputat onu “xanımlarla” fotolarının olduğunu deyərək şantaj edir. Hesabatda adları çəkilən digər deputatlar kimi Agramunt da sənədin “anonim ittihamlar, şərhlər və şayiələrlə dolu olduğunu, heç bir sübuta söykənmədiyini” deyib.

Agramunt amerikalı maliyyəçi George Soros-un Açıq Cəmiyyət İnstitutunun siyasi səlib yürüşünün qurbanı olduğunu iddia edib. Deməsinə görə, bu yürüşü Avropanın Rusiyayla hər hansı formada yaxınlaşmasına qarşı çıxan Ukrayna, Ermənistan kimi ölkələr aparır.

Korrupsiya araşdırmasında ispaniyalı siyasətçi Agustín Conde-nin, eləcə də Avstriya, Belçika, Britaniya, Polşa, Rumıniya və Azərbaycandan deputatların adları çəkilirdi.

Bu yaxınlarda İtaliyanın hüquq-mühafizə orqanları ölkənin AŞPA-da keçmiş təmsilçisi Luca Volontè-yə qarşı araşdırmaya başlayıb. O, Azərbaycanın nümayəndə heyətinin iki keçmiş üzvündən 2 milyon avro almaqda ittiham olunub.

Qeyd edək ki, həmin iki deputatdan biri – Elxan Süleymanov Avropa Şurasının son hesabatının heç bir fakta söykənmədiyini bildirmişdi. Hakimiyyət təmsilçiləri ümumilikdə korrpsiyayla bağlı iddiaların şantaj xarakterli olduğunu bildirib.

 

AzadlıqRadiosu