“Sabirabadda 6 nəfərin faciəvi ölümü vətəndaşların qul əməyinə cəlb olunmasının nəticəsidir”

Bu gün Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən “Basta”ya verilən məlumata görə iclasda əvvəlcə Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı qərarların icrası və görülən işlər barədə məlumat verib.

Cümhuriyyət-100 tədbirləri çərçivəsində Müsavat Partiyası tərəfindən təşkil olunmuş şahmat turnirinin yekunlaşması və nəticələri haqda məlumat dinlənilib. Divan şahmat turnirinin yüksək səviyyədə təşkil olunması ilə bağlı  təşkilatçılara təşəkkür elan edib.

Həmçinin Müsavat Gənclər Təşkilatının təşkilatçılığı, Cümhuriyyət dövrünün gənc araşdırmaçısı Dilqəm Əhmədin təqdimatı ilə keçirilmiş Cümhuriyyət dövrünə aid materialların sərgisi Divan tərəfindən yüksək qiymətləndirilib.

Müsavat başqanı Arif Hacılı  27-28 aprel  Avropa Liberal Demokratik Alyansının (ALDE) Sofiya toplantısında iştirakı, ALDE-nin müzakirəyə çıxardığı yeni manifestin mahiyyəti haqqında və tədbir çərçivəsində keçirilən görüşlər barədə Divan üzvlərinə ətraflı məlumat verib.

Müsavat Partiyası Məclisinin üzvü, Şirvan Şəhər Təşkilatının sədri Əlikram Xurşidovun şərlənərək 5 il müddətinə azadlıqdan məhrum edilməsi qətiyyətlə pislənilib. Onun və digər siyasi məhbusların dərhal azadlığa buraxılması hakimiyyətdən tələb edilib.

Müsavat Divanı bu gün Sabirabad rayonunda 6 vətəndaşımızın faciəli şəkildə həyatlarını itirməsinə səbəb olan faciəni Azərbaycan hakimiyyəti tərəfindən vətəndaşların qul əməyinə cəlb olunmasının nəticəsi hesab edərək, baş verən hadisənin ciddi araşdırılmasını, günahkarların cəzalandırılmasını tələb edib.

Cümhuriyyətin 100 illiyi ilə əlaqədar keçiriləcək tədbirlər müzakirə olunub.

Divan iclasında ölkədə və regionda baş verən son proseslər geniş müzakirə edilib.

 

Bastainfo.com